“Çox güclü, eyni zamanda maraqlı qrupa düşmüşük. Yoxlama görüşü keçirməyən Belçika istisna olmaqla, digər rəqiblərimizin oyunlarını izləmişəm”.
Sportarena.az xəbər verir ki, bu sözləri futzal üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Kosenko deyib.
Təcrübəli mütəxəssi Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən qrup oyunları öncəsi fikirlərini açıqlayıb.
Kosenko Danimarka və Belçikanın da yer aldığı qrupun həlledici görüşünün millimizə qarşı keçiriləcəyini bildirib: “Belçikalıları da Azərbaycanla oyuna əsasən təhlil edərik. Bu komanda ümumilikdə götürəndə əlcəzairli, mərakeşli və yerlilərin sintezindən təşkil olunub. Danimarka isə futzalda yeni addı. Onlar texnikalı, boylu-buxunlu, təlim keçmiş komandaya malikdi. Azərbaycan isə ilk növbədə braziliyalıların cəlb edilməsi ilə tanınır. Onlar Azərbaycan yığmasında çox vacib rol oynayırlar. Cənubi amerikalılar sürətli və texnikalıdı. Onlara qarşı oynamaq həmişə çətindi. Seçmə mərhələdəki həlledici oyunumuz da meydan sahiblərinə qarşı olacaq. Amma digər oyunlara da ciddi yanaşmalıyıq. Təkcə Azərbaycana köklənsək, heç nə alınmaz”.
Qeyd edək ki, bu gün start götürən seçmə mərhələnin Azərbaycan – Ukrayna oyunu martın 21-də baş tutacaq.