Elvin Məmmədov: “Qəbələ” qələbəyə layiq idi - MÜSAHİBƏ

17:19 19 Mart 2015

“İnter” klubunun və Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədovun sportarena.az saytına müsahibəsi:

 

 

- Milli komandaya dəvət aldız. Oyunda Azərbaycanın şanslarını necə qiymətləndirirsiz?

– Çətin oyun olacaq. Avropa futbolu elədir ki, burada zəif rəqib anlayışı yoxdur. Meydanda olsam, qələbə üçün əlimdən gələni edəcəm. Meydanda olmasam belə, inanıram ki, komanda yoldaşlarım gözəl oyunları ilə istənilən nəticəni qazancaqlar.

 

- Millimizin bu oyunda qələbə şansları yüksək qiymətləndirilir...

– Kağız üzlərində belədir. Amma, Maltanı ciddi rəqib kimi qəbul etməliyik. Meydandakı mübarizəmizlə qələbəyə layiq olduğumuzu göstərməliyik.

 

- “Qəbələ” ilə oyunda çempionluq yolunda ciddi zərbə aldız...

– Çoxdandır belə zəif oyun nümayiş etdirməmişdik. Etiraf edim ki, “Qəbələ” qələbəyə layiq idi. Bundan sonrakı oyunlarda şanslarımız az olsa da, mübarizəmizi davam etdirəcəyik.

 

- Sxadadze komandada öz oyun üslubunu qurmuşdu. Onun gedişindən sonra çətin olmayacaq ki?

– Düz qeyd etdiz. Kaxa öz komandasını qurmuşdu. İllərlə komanda onun fəlsəfəsinə uyğun oyun göstərirdi. Heyət də oturuşmuşdu. Onun gedişindən sonra çətin olacaq. Yeni gələcək baş məşqçiyə zaman lazımdır.

 

- Həm kubokda, həm də çempionatda iddialı olmaq çətindirmi?

– Çətin deyil. Sona qədər vuruşmaq fikrindəyik. Heyətimiz də buna imkan verir. Amma, indi daha çox kubok oyunlarına fikir verəcəyik. Bu mövsümdə ən real şansımız kuboku qazanmaqdır. Mövsümü titulnan bitirmək üçün qalib olmaq vacibdir. Amma, bizə heç də asand rəqiblər düşməyib.

 

- “Neftçi” səddini keçə bilərsinizmi?

– Onları keçsək sonrası asand olacaq. Bildiyim qədər “Neftçi”nin də fikri kuboka yönəlib. Bizim üçün çətin olacaq. “Neftçi”də yaxşı futbolçular var.

 

- Sxadadze həmişə penaltilər seriyasını lotoreya adlandırır. “İnter” çox zaman penaltilər seriyasında mübarizəni tərk edir. Sizcə, penaltilərə az diqqət ayırmırsınızmı?

– Sxadadze düz qeyd edir ki, bu lotoreyadır. Biz mərhələ yarışlarında həmişə penaltiləri məşq edirik. Amma, bəxtimiz azdır. Son illərdə avrokuboklarda yaxşı mübarizə aparsaq da cüzi şansımız çatmır. Bu mövsüm avrokuboklarda daha yaxşı çıxış etməyə çalışacayıq.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti