Almaniyanın qadın voleybol komandasınn baş məşqçisi Luçiano Pedulla Avropa Oyunlarında yarımfinala yüksəlməyi hədəfləyir.
Sportarena.az xəbər verir ki, 57 yaşlı italiyalı məşqçi Almaniya Voleybol Federasiyası (AVF) ilə müqavilə imzalayıb və mayın 18-də qadın voleybol komandasının başına keçəcək. Bu vaxtdan etibarən də o, Bakı 2015 Avropa Oyunlarına hazırlaşmağa başlayacaq.
"Bu il üçün ən yüksək hədəf Olimpiya Oyunları üçün kvalifikasiya qazanmaqdır. Başqa sözlə, biz turnirlərdə mümkün qədər yaxşı oynamaq istəyirik" – deyə cənab Pedulla AVF-nin veb-saytına verdiyi müsahibədə bildirib.
Olimpiya üçün təsnifat oyunlarından əvvəl cənab Pedulla Bakı 2015-də komandasına başçılıq edəcək. Məşqçinin Azərbaycanda keçiriləcək turnirlə bağlı hədəfləri böyükdür.
"Bakıda yarımfinala yüksəlmək istəyirik və püşkatma ilə düşdüyümüz qrupu nəzərə alsaq bu asan olmayacaq". Bu fikri cənab Pedula Rusiya, Serbiya, Niderland, Xorvatiya və Bolqarıstanla birgə iştirak edəcəkləri qrup haqqında danışarkən deyib.
Lakin cənab Pedulla bildirib ki, final nəticələrindən asılı olmayaraq Bakı 2015 alman oyunçular üçün faydalı olacaq:
“Dünyanın ən yaxşı oyunçalarına və komandalarına qarşı oynamaq bizim üçün çox vacibdir. İnkişafın ən yaxşı üsulu budur”.
Alman komandasının vəziyyəti məşqçini sevindirir:
"Mən ciddi-cəhdlə çalışmış və irəliyə doğru xeyli addım atmış bir komandanı təhvil alıram. Biz Avropada ən yaxşı komandalardan biri ola bilərik. Almaniyanın Rio Olimpiya Oyunlarında iştirak şansı çox yüksəkdir. Bilirəm ki, alman oyunçular güclü nizam-intizamla çox çalışırlar. Bu xoşuma gəlir. İdman zalında çox vaxt keçirməyin əleyhinə deyiləm".