Kimdir aciz? - Məşqçi, yoxsa futbolçular?

13:53 23 Mart 2015

17 yaşaşdək futbolçulardan ibarət milli komandamız üçün Avropa çempionatının elit-raund mərhələsi növbəti acizliklə sona çatdı. 3 oyunda qapımızda gördüyümüz 11 qol və rəqib qapısına yol tapa bilməməyimiz ciddi problemləri də üzə çıxardı.

 

AFFA-nın dönə-dönə İspaniya klublarına sırımağa çalışdığı Qara Qarayevin meydanda valığı ilə yoxluğu hiss olunmurdu. Ümumiyyətlə, hələ heç nəyə nail olmayan, tam yetişməmiş bir yeniyetməni bu qədər reklam etmək, bu qədər diqqət ayırmaq fikrimcə, meydanda Qarayevdən daha yaxşı mübarizə aparan futbolçulara qarşı əsl ədalətsizlik idi. Millinin digər “ərköyün”ü Anton Krivatsuk insafən digərlərinə nisbətən daha yaxşı mübarizə aparsa da, ona ayrılan diqqət, xüsusən də əsas milli komandanın toplanışına çağrılması başadüşülən deyildi. Futbolçuların əsas fiaskosu isə oyunun ilk yarım saatından sonra başlayırdı. Nəfəslər təngiyir, mübarizə çətinləşir, hücum xətti son nöqtəni qoymaqda ləngiyir, uzaqdan vurulan zərbələr boilinq topu kimi zəif gedir, xüsusən də hücumçuların başla oynaya bilməməsi rəqibi rahat saxlayırdı. Qapıçımızın çıxışlarda demək olar ki görünməməsi, çərçivədə “donması” başla yaxşı oynamağı bacaran Xorvatiya və Serbiya kimi komandaların fürsətlərini maksimum dəyərləndirməsi ilə nəticələnirdi. Portuqaliya futbolçuları isə millimizin oyunçularını texniki futbol sayəsində bərbad günə qoya bildi.

 

Tam səmimi deyə bilərəm ki, Azərbaycanın küçələrində, məhlələrində meydanda olan futbolçulardan daha texnikalı, səhərdən axşama qədər gününü bəzən acqarnına futbolla keçirən, günün 4-5 saatını dayanmadan futbol oynayan daha yaxşı uşaqlar var. AFFA-nın seleksiyaçıları milliyə Ukrayna, Almaniya kimi ölkələrdən ayağı top tutmayan legionerlər gətirmək əvəzinə məhlə-məhlə gəzib həm fiziki, həm də texniki cəhətdən daha güclü, daha həvəsli futbolçuları milliyə cəlb etsə az qiymətə daha kefiyyətli futbolçular əldə edə bilər. Neft pulları da onun-bunun cibinə axmaz, ölkədə qalar. Mirbağır İsayev isə futbolçularını “aciz” adlandırmaq yerinə, qapıçını çıxışlara yaxşı hazırlaşdıra, hücumçulara qüvvətli zərbə vurmağı, müdafiəçilərin hava toplarına çıxmağını, həmçinin süni oyundankənar vəziyyət yaratmasını öyrədə bilərdi. Millini belə vəziyyətə salıb tərk etmək özü ən böyük acizlikdir.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti