“İnter” “Qarabağ”dan öncə “Bakı” ilə qarşılaşacaq

11:55 25 Mart 2015

Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “İnter” ayın 23-dən etibarən matçın hazırlığına başlayıb.

 

 

Sportarena.az xəbər verir ki, “bankirlər” köməkçi-məşqçi Zaur Svanadzenin rəhbərliyi altında məşqə çıxırlar.

 

Baş məşqçi Kaxaber Sxadadze Gürcüstan yığmasının düşərgəsindən martın 30-da qayıdacaq. O, Bakıya gələnə qədər “İnter” təkcə məşqlərlə kifayətlənməyəcək. Paytaxt klubu sabah yoxlama oyununda qüvvəsini sınayacaq. “Bakı” ilə saat 15:00-da başlamalı olan qarşılaşma “Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləcək.

 

Azərbaycan və Gürcüstan yığmasının düşərgəsində olan futbolçulardan başqa, bütün oyunçular Svanadzenin ixtiyarındadı. Səhhəti ilə əlaqədar millinin heyətindən kənarlaşdırılan Səlahət Ağayev hələlik “İnter”in məşqlərində iştirak etmir. Bununla belə, onun “Qarabağ”la matça kimi hazır olacağı bildirilir. Heyətdə cəzalı futbolçunun olmaması da məşqçilər korpusunu sevindirən məqamlardandı.

 

Qeyd edək ki, “Qarabağ” – “İnter” görüşü aprelin 1-də keçiriləcək. 

 

 


Digər xəbərlər

Xəbər xətti