Daha öncə xəbər verdiyimiz kimi “Bakı” klubunun və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin gənc futbolçusu Mahir Mədətov Almaniyanın “Ayntraxt” klubunun maraq dairəsinə düşmüşdü.
Sportarena.az saytının əldə etdiyi məlumata görə, U-19 millimizin Almaniya toplanışı zamanı Mədətovu izləyən klub nümayəndələri onun oyunundan razı qalıblar. Millimizin Avropa Çempionatının elit-raundundakı oyunlarda çıxışı zamanı futbolçunun oyunu bir daha diqqətdə saxlanılacaq və oyunlar bitdikdən sonra yekun qərar veriləcək.
Qeyd edək ki, Nikolay Adamın yetirmələri ilk oyunda bu gün Fransa, martın 28-də keçiriləcək ikinci oyunda İngiltərə ilə qarşılaşacaqlar. Komandamız sonuncu matçını isə ayın 31-də Danimarkadan olan həmyaşıdlarına qarşı keçirəcək.