Azərbaycan milli komandası və “Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyevin apasport.az saytına müsahibə verib.
Sportarena.az sizə həmin müsahibəni təqdim edir:
- AVRO-2016-nın seçmə mərhələsinin Malta ilə oyununa hazırlıqlar necə gedir?
- Məşqlərimiz yüksək səviyyədə davam edir. Hamımız ürəklə çalışırıq. Yaxşı hazırlaşırıq ki, oyun zamanı bəhrəsini görək. Baş məşqçinin dediklərini icra etməyə çalışırıq. Komandada ab-hava yaxşıdı. Çətin oyun bizi gözləyir.
- Əsas tələb nədir?
- Baş məşqçi bizdən 3 xal qazanmağı tələbə edir. Artıq 4 oyun keçirmişik və aktivimizdə xal yoxdu. Bu oyunda qələbə qazanmaqla sonuncu pillədən də ayrılmaq haqda düşünürük. Azarkeşlərimizi də başa düşürük, onların bizdən nə istədiklərini bilirik. Martın 28-də onlar üçün oynayacağıq.
- Malta haqda nə bilirsiniz?
- Hələ heç nə. Onlar Gürcüstanla oynayıblar və 0:2 hesabı ilə uduzublar. Bu matçdan sonra rəqib haqda bizə lazımi məlumatlar veriləcək. Onların futbolçularının xarakteristikası ilə tanış olacağıq. Bu gün meydanda zəif rəqib yoxdu. Gərək mübarizə aparasan. Mübarizə aparmadan 3 xal qazanmaq mümkün deyil. Biz də buna hazırıq.
- Yığmanın uğursuz çıxışı azarkeşləri də küsdürüb. Onların stadiona gəlməmələri futbolçuları narahat etmir?
- Qələbəni biz də çox istəyirik. Malta ilə oyunda buna nail olub, həm də onların könlünü almağa, yenidən stadionlara qaytarmağa çalışacağıq. Futbol sürprizləri sevir. Gərək bu görüşdə sürprizə yol verməyək. Onları yoxlama oyununda 3:0 hesabı ilə məğlub etmişdik. Ancaq o yoxlama matçı idi. Rəsmi və yoxlama matçları fərqli ab-havada keçir.
- Roberti Prosineçki də müdafiəyə meylli oyuna üstünlük verəcək?
- Baş məşqçinin rəhbərliyi altında bir yoxlama oyunu keçirmişik. O, əsasən hücumda fəal olmağımızı istəyirdi. İndi məşq prosesində də hücuma tez çıxmağı, ön xətdə fəal olmağımızı tapşırır. Malta ilə oyunda necə oynayacağımız açıqlanmadığına görə, indidən dəqiq bir söz deyə bilmərəm. Ancaq onun hücum futboluna üstünlük verəcəyini hiss edirəm.