Qadın həndbolçular arasında Avropa çempionatının I seçmə mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, bu raundda 2016-cı il dekabrın 4-18-də keçiriləcək final mərhələsində oynamağa iddia edənlər arasında ən aşağı reytinqli 6 komanda mübarizə aparacaq.
Avstriyanın paytaxtı Vyanada baş tutan püşkatmada bu 6 komanda 2 qrupa bölünüb. Azərbaycan millisi Bolqarıstan və Farer adaları ilə birlikdə A qrupunda mübarizə aparacaq. B qrupunda isə Finlandiya, İsrail və Kosovo münasibətlərini aydınlaşdıracaq.
İyunun 12-14-də baş tutacaq I seçmə mərhələnin qrup oyunları eyni ölkədə keçiriləcək. Avropa Həndbol Konfederasiyası ev sahibliyi hüququnu qrupların səpələnmiş yığmaları – Azərbaycan və Finlandiyaya verib. Lakin hər iki ölkə bunu təsdiqləməlidi.
Qrup qalibləri II seçmə mərhələyə vəsiqə qazanacaq. Bu mərhələyə isə oktyabr ayında start veriləcək.