"Xorvatiya millisindəki hazırkı nəslin bizim qazandığımız uğurun daha artığını əldə edəcəyinə inanıram. Hətta 2016-cı ildə Avropa çempionluğunu da qazana bilərlər".
Sportarena.az "goal.com"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki deyib.
1998-ci ildə dünya üçüncüsü olan Prosineçki Xorvatiya millisini gələn il Fransada keçiriləcək Avropa çempionatının yarımfinalında görmək istədiyini bildirib:
"Ölkəm hər il dünya futboluna yeni ulduz oyunçular qazandırır. Modriç, Rakitiç, Kovaçiç və Mandzukiç kimi futbolçular hazırda dünyanın ən böyük klublarında oynayır. Bu futbolçular böyük uğurlar əldə edə bilərlər. Bəli, digər ölkələr də ulduz futbolçular yetişdirir. Bu mənada kuboku qazanmaq asan olmayacaq. Lakin Xorvatiya yığmasını ən azı "Avro-2016"nın yarımfinalında görmək istəyirəm".
Prosineçkinin çalışdırdığı Azərbaycan millisi "Avro-2016"nın seçmə mərhələsində sentyabr ayında Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq. Təcrübəli mütəxəssis bu matçın onun üçün xüsusi bir oyun olacağını bildirib: "Təbii ki, bu, mənim üçün xüsusi oyun olacaq. Xorvatiyaya qarşı oyunda uğur qazanmaq üçün əlimdən gələni edəcəm. Futbolçularım da bütün bacarıqlarını ortaya qoyacaqlar".