Premyer Liqanın XXVII turu çərçivəsində aprelin 1-də “Sumqayıt” klubunu doğma şəhərdə qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
Sportarena.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, komanda martın 27-də iki dəfə məşq edib. Saat 11:00-da başlayan hazırlıq prossesi fiziki yüklənmə proqramına uyğun qurulub. Saatyarım sürən səhər hazırlığında komanda üç qrupa bölünərək çalışıb. İki qrup Elbrus Məmmədovun rəhbərliyində bir qrup isə Covanni Melkiorenin sərəncamında məşq ediblər ki, müntəzəm olaraq yerlərini dəyişən qrupların hamısı eyni qaydada güc çalışmasında iştirak edib, həmçinin ümumi hazırlığa da eyni qədər vaxt sərf ediblər.
Saat 17:00-da başlayan və 1 saat 20 dəqiqə davam edən axşam məşqi isə tamamilə fərqlənərək toplu çalışmalar və taktiki hazırlıqdan ibarət olaraq ikitərəfli oyunla yekunlaşıb. Covanni Melkiore zədəli futbolçu Ruslan Cəfərovla komandadan ayrıca məşğul olub. Məşqdə milli komandaların düşərgələrində olan Rahid Əmirquliyev, İlyas Səfərzadə və Elnur Cəfərov iştirak etməyiblər. Qarşıdakı günlərdə də gündəlik iki məşqin keçiriləcəyi planlaşdırılıb.