AÇ-2016-nın seçmə mərhələsində sabah səfərdə Hollandiyanın qonağı olacaq Türkiyə millisinin baş məşqçisi Fatih Terim oyunla bağlı fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, türkiyəli mütəxəssis itirəcək heç nələrinin olmadğını deyib:
"Sabah dünya üçüncüsü ilə oynayacağıq. Bu özü Hollandiya haqda hər şeyi deyir. Onlarla səfərdə oynamaq daha çətindi. Çox diqqətli və ağıllı oynamalıyıq. İtirəcəyimiz heç nə yoxdu. İtirəcəyimizi bu günə qədər itirmişik. Bu oyunda qalib gəlsək, qrupda çox maraqlı vəziyyət yaranacaq. Hazırda qrupda layiq olduğumuz yerdə deyilik. Matçlarımızdan yalnız İslandiyaya qarşı çox pis oynamışdıq ki, bunu da oyundan sonra etiraf etmişdim".
Hazırda hesabında 4 xal olan Türkiyə qrupda 4-cü, 6 xalı olan Hollandiya isə 3-cü pillədə qərarlaşıb. Hollandiya - Türkiyə matçı sabah Bakı vaxtıyla saat 23:45-də start götürəcək.