Moskvada start götürən ənənəvi “Aeroflot Open 2015” beynəlxalq şahmat festivalında 2-ci turun oyunları başa çatıb.
Sportarena.az AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, festival 3 qrup (A-güclülər, B-əmsalı 2550-dən az olanlar və C-həvəskarlar) üzrə 9 turdan ibarət keçirilir. Yarışda 13 ölkədən, ümumilikdə 310 şahmatçı iştirak edir. Azərbaycanın idman şərəfini Şəhriyar Məmmədyarov, Rauf Məmmədov (A-turnir), Namiq Quliyev, Orxan Abdulov, Gülnar Məmmədova, Günay Məmmədzadə, Nərmin Kazımova, Abdulla Qədimbəyli (B-turniri), Qulam Məmmədov, Teymur Salayev, Cavidan Qurbanzadə və Fərid Mustafayev (C-turniri) təmsil edirlər.
A qrupunda 59-u beynəlxalq qrossmeyster olmaqla 72 zəka sahibi qüvvəsini sınayır. Turnirin favoriti sayılan Şəhriyar Məmmədyarov ilk tura qələbə ilə başlasa da, ikinci turda yerli şahmatçı İldar Xismatullinə məğlub olub. Bu qrupda mübarizə aparan digər təmsilçimiz Rauf Məmmədov isə birinci turda Mixail Mozarov ilə heç-heçə edib, ikinci turda almaniyalı Denis Vaqner üzərində qələbə qazanıb.
B turnirində mübarizədə təmsilçilərimizdən Orxan Abdulov ilk turda Aleksandr Qavrilov üzərində qələbə qazanıb. İkinci turda isə Mert Yılmazyerli ilə xalları yarı bölüb. Namiq Quliyev isə hər iki turda rəqibləri ilə sülh bağlayıb. İlk turda məğlubiyyətlə üzləşən Günay Məmmədzadə ikinci turda Qazaxıstan təmsilçisi Mamirbay Asadli üzərində qələbə qazanıb.
Beləliklə, 2 turdan sonra Rauf Məmmədov və Orxan Abdulov 1,5, Şəhriyar Məmmədyarov, Namiq Quliyev və Günay Məmmədzadə 1 xal toplayıblar. Gülnar Məmmədova, Nərmin Kazımova və Abdulla Qədimbəyli aktivlərinə xal yaza bilməyiblər.
C turnirində mübarizə aparan Qulam Məmmədov və Teymur Salayev 1, Fərid Mustafayev və Cavidan Qurbanzadə yarım xal toplayıblar.