Prosineçki: "Malta ilə oyundan razı qaldım"

14:37 31 Mart 2015

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirilmiş ilk rəsmi oyunundan danışıb, eləcə də həmyerlilərinə qarşı baş tutacaq görüşlə bağlı fikirlərini açıqlayıb.

 

 

Sportarena.az  “Vecernji list”ə istinadən sizi həmin açıqlamalarla tanış edir:

"Malta ilə oyundan razı qaldım. Bizim birinci hissədəki oyunumuza baxın. Hər şey çox yaxşı alınıb. Ardıcıl dörd məğlubiyyətdən sonra komandanın özünü toparlaması çox çətin idi. Bu qələbə isə bizim üçün çox əhəmiyyətli oldu. Xüsusilə də futbolçuların özlərinə inamı geri qaytarması baxımından. Uşaqlar düzgün yoldadırlar. Biz ağıllı çıxış etdik və taktiki cəhətdən də hər şeyi düzgün həyata keçirdik".

"İkinci hissədə rəqibin fəallaşmasına səbəb komandamın qələbəni əldən verəcəyinə dair qorxuya düşməsi idi. Amma bu, normaldır. Düzünü demək lazımdır ki, Maltanı qiymətləndirməmək böyük yanlışlıq olar. Onların elə Xorvatiyaya necə çətinliklər yaratdığını xatırlayın. Çox yaxşı müdafiə olunurlar. Bizimlə oyunda nigeriyalı Alfred Effionq futbolçular üçün çox çətinlik yaratdı".

Xorvatiyalı mütəxəssis millimizin debütantları barədə də danışıb: "Bəzi futbolçular əvvəllər yığmada oynamamışdı. Amma bu dəfə onlara şans verdim. Mən bu tempdə də davam edəcəyimizə ümid edirəm. Norveçlə növbəti oyunumuza da yaxşı hazırlaşmalıyıq. Əminəm ki, yenə hər kəsi təəccübləndirə bilərik. Amma tez-tez uduzan komandanı psixoloji cəhətdən qalib ruhunda saxlamaq çox çətindir".

Yığmamızın baş məşqçisi həmyerlilərinin Norveç üzərində qazandığı 5:1 hesablı qələbəyə də şərh verib: "Etiraf etməliyəm ki, bu hesabın qeydə alınmasına bir qədər təəccübləndim. Ola bilsin ki, bu hesab komandaların səviyyəsini obyektiv şəkildə əks etdirmir. Baxmayaraq ki, Xorvatiya yığması meydanda ən yaxşı idi və layiqli qələbə qazandı. Bu komanda daha böyük uğurlar qazanmağa qadirdir".

Prosineçki xorvatlarla Bakıda baş tutacaq qarşılaşmadan da danışıb: "Əlbəttə, Xorvatiya həmin matçın favoriti olacaq. Bu, aydın məsələdir. Amma biz rəqibin işini çətinə salmaq üçün əlimizdən gələni edəcəyik və buna indidən əminəm. Xorvatiya yığmasına Bakıda asan olmayacaq".

 


Digər xəbərlər

Xəbər xətti