Məlum olduğu kimi Rusiyanın paytaxtı Moskva şəhərində Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan sambo üzrə Dünya Kubokunda 3-cü yeri tutan azərbaycanlı idmançı Bəxtiyar Abbasov qaliblərin mükafatlandırılması zamanı Ermənistan himninə ayaq üstə deyil, oturaraq qulaq asıb.
Bu olay artıq iki gündür ki, ölkə mediasının gündəmindən düşməyib.
Sportaren.az xəbər verir ki, Bəxtiyar Abbasov həmin hadisə ilə bağlı fikirlərini AzNews.az-la bölüşüb.
- Ermənistan himninin çalınması zamanı ayaqüstə dayanmamağınızın səbəbini necə izah edərdiniz?
- Mənim yerimə başqa azərbaycanlı olsaydı, neynərdi? Yarışda məni sıxışdırdılar, nəticədə erməni idmançı çempion oldu. Mən Xocavənd rayonundanam, qarabağlıyam. Bizim 40-dan çox ailəmizdə şəhid var. Fikirləşin, bu qədər şəhid acısı daşıyan biri erməni himnini ayaqüstə dinləyə bilərdimi? Əlbəttə ki, yox. Hələ mən ona hörmət etmişəm. Bu yarış ermənilərin çoxluq təşkil etdiyi şəhərdə keçirilib. Özüm qəsdən oturmuşam. Bu, mənim qandan gələn xarakterimdi. Bundan sonra yenə də yarış olsa, belə hal təkrarlansa, ayağa qalxmaram. Mən çox yarışlarda olmuşam. Hansı dövlətin himni səslənib qulaq asmışam. Erməni himnini isə ayaqüstə qulaq asa bilmərəm. Özü də bu hərəkəti mən etmişəm, başqa heç bir azərbaycanlı bunu edə bilməz. Əgər hansısa azərbaycanlı ayağa qalxardısa o, azərbaycanlı deyil. Mən şəxsən elə fikirləşirəm.
- Qaliblərin mükafatlandırılması mərasimi başa çatandan sonra atdığınız bu addıma görə sizə qarşı hər hansı reaksiya oldumu?
- Yox, Moskvada heç nə olmadı. Təpki Azərbaycanda oldu.
- Sambo üzrə Azərbaycan yığmasının baş məşqçisi Yaqub Abdullayev mətbuata belə bir açıqlama verib ki, erməni himni səslənəndə Bəxtiyar Abbasov özünü pis hiss etdiyinə görə oturub. Bu fikirlə razısınızmı?
- Bəli, erməni himni çalınanda özümü pis hiss etmişəm. Həmin vaxt mənim heç yerim ağrımayıb. Şikayətim də olmayıb, sağlamlığım yerində olub. Sadəcə mənə aid olmayan himn səslənəndə oturmuşam. Bu gün martın 31-dir. Görün, onlar nələr törədib, nələr edib? Bəlkə kimlərsə bunu yaddan çıxarıb, amma mən əsla çıxarmaram. Xocalı faciəsi, başqa bəlalar... Qarabağda uşağının yanında maşına bağlanıb başı, əlləri bədənindən ayrılan insanlar var. Bu səbəbdən mən o himni tanımıram.
Mənbə: AzNews.az