“Neftçi” klubundakı inqilabi dəyişikliklər, yəni prezident də başda olmaqla, bir sıra vəzifələrin ləğv edilərək Müşahidə Şurası yaradılması yox, bu şuraya təyin olunan sədrin kimliyi artıq 3 gündür ölkənin idman, ədəbiyyat və mədəniyyət gündəmini zəbt edib. Detektiv roman və povestlər müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeninə layiq görülmüş Çingiz Abdullayevin birdən-birə idman sahəsində fəaliyyətə başlaması və dərhal “Neftçi” klubunun Müşahidə Şurasının sədri seçilməsi o qədər sürətlə baş verdi ki, elə bil hansısa yazıçı evdə oturub detektiv əsər yazır.
Bir sözlə, bu, “Neftçi”nin başına gələn ən detektiv hadisə idi. Futbol ictimaiyyətinin üzvlərini, “Neftçi”sevərləri, eləcə də jurnalistləri yeni rəhbərin fikirləri maraqlandırırdı. Axı bu illər ərzində nə Çingiz Abdullayevi stadionlarda görən olmuşdu, nə də görkəmli yazıçımız bir dəfə ağzını açıb nəinki futboldan, heç idmandan danışmışdı. Bəs necə oldu ki, bir günün içərisində ədəbiyat aşiqinin qəlbində futbola qarşı coşğun sevgi baş qaldırdı? Bəlkə belə bir sevgi onun daxili aləmində çoxdan var idi, sadəcə, bundan xəbərsiz idik? Çingiz müəllimin sözlərindən öz suallarımıza cavab tapacaqdıq.
Nəhayət, günün qəhrəmanı səssizliyi pozdu. Çingiz müəllimin tarixi yığıncaq zamanı və bundan sonra səsləndirdiyi fikirlərlə tanış olanda bir daha əmin oldum ki, AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov 2 gün əvvəl “quşu gözündən vurubmuş”: “Bu təyinat Çingiz Abdullayevi hörmətdən salacaq. Hər kəs öz işi ilə məşğul olmalıdır”. Dahi sözlərdir! Ç.Abdullayevin dediklərinə diqqət yetirək. Görkəmli yazıçı öncə həvəskar futboldan danışır: “Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt "Neftçi"ni də məğlub etmişdik. O vaxt başa düşürdüm ki, məndən güclü oynayanlar var”. Sonra öz-özünə zarafat edir: “Söz verirəm ki, indi meydana çıxmayacam”. Və daha sonra Azərbaycan futboluna, xüsusilə “Neftçi”yə qarşı diqqətsizliyini ortaya qoyur: “Uşaqlıqda həmişə "Neftçi"nin stadionunu dolu görürdük. Ancaq 1966-cı ildən sonra böyük uğurumuz olmadı”. Məgər futbolu bu cür ələ salmaq, belə hörmətsizlik göstərmək olarmı? Çingiz müəllim, əgər “Neftçi”nin uzaq 66-cı ildəki çıxışını izləmisinizsə, heç olmasa, gənc, orta nəsil nümayəndəsi olduğunuz dövrə təsadüf edən vaxtlar haqqında da bir-iki kəlmə danışın. Siz günlərlə, aylarla yazı stolundan qalxmayaraq, yazıçı təxəyyülünüzü işə salıb, “Dronqo”nun yeni sərgüzəştləri barədə yazanda, elə bilirsiniz ki, “Neftçi”də həyat dayanmışdı? Müstəqillik dönəmində “Neftçi”nin heç olmasa, bir oyununu izləmisiniz? Demirik ki, “Neftçi” Avropanın nəhəng klubudur, amma bu komandanın ölkə daxilində, son illər isə qitəmiqyaslı yarışlarda xeyli uğur qazanıb. Məgər “Neftçi”nin Müşahidə Şurasının sədri olacağınızı biləndən sonra 5-10 dəqiqə vaxt ayırıb, klubun ən yeni tarixi barədə informasiya toplaya bilməzdiniz? Kimə lazımdır 1976-cı ildə kim “Neftçi”ni udub? O vaxt “Neftçi”ni udmayan olub ki? Yaxud 1966-cı ildə SSRİ çempionatında qazanılan bürünc medalla bağlı çürümüş mövzuları yenidən dilə gətirməyə nə əsas var? “1966-cı ildən sonra böyük uğurumuz olmadı” sözləri ən azı iclasda sizinlə üzbəüz oturan, 2009-2015-ci illərdə “Neftçi”yə rəhbərlik etmiş Sadıq Sadıqovun əməyinə kölgə salmaqdır. S.Sadıqovu tərifləyib, göylərə qaldırmaq fikrimiz yoxdur, burda söhbət ondan getmir. Amma gəlin faktları danmayaq.
“Neftçi” son 5 ildə 3 dəfə çempion olub? Olub! 2 dəfə ölkə kubokunu qazanıb? Qazanıb! Azərbaycan klub futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynayıb? Oynayıb! “Neftçi”nin Sadıq Sadıqovun rəhbərliyi altında necə dəyişdiyini, tam fərqli kluba çevrildiyini danmaq olmaz. Bütün bunları unudub, 50 il əvvəldən danışmaq, ümumi sözlərlə kifayətlənmək Çingiz müəllimin futboldan elə 50 km uzaqda olduğunu göstərir. Axı belə olmaz Çingiz müəllim? Axı, biz hamımız – Ağasəlim Mircavadov, Elxan və Elnur Məmmədovlar, Oqtay Abdullayev, Kazbek Tuayev, Mübariz Zeynalov və s. və i.a. Sizin kitabları sevə-sevə oxuyuruq. Olmaz belə... Ən qəribəsi odur ki, Ç.Abdullayevin AFFA prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı ilk təklifi Bakı Olimpiya Stadionunun “Neftçi”yə verilməsi ilə bağlı olub. Müəllim, bəyəm “Neftçi”nin başqa dərdi-səri yoxdur? Bu nə gülməli təklifdir? 600 azarkeşi 60 minlik stadiona yığmaq istəyirsiniz? Mənim dilim – mənim düşmənim: Çingiz Abdullayev nə qədər futboldan danışacaqsa, bir o qədər də bu ifadəni xatırlayacaq. Çünki əsərləri ilə dünya şöhrəti qazanmış yazıçı bəlkə futbolu neçə nəfərin oynadığını bilmir... Əcəba, belə bir insanın futbolda nə işi var? Vallah, mən baş aça bilmirəm. Kamal Abdulla, Aqil Abbas, Rəşad Məcid, haydı futbola! İndi də buranı korlamağın vaxtıdır.
P.S 31 mart Azərbaycanda soyqırımı günü kimi qeyd olunur. Fikrimcə, 31 mart 2015-ci il tarixi də Azərbaycan futboluna “Neftçi”nin soyqırımı kimi yazılacaq.
Aslan Səlhablı