“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq “VI Manavqat” turnirində növbəti oyunlarını keçirib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qırmızı-qaralar” qrup mərhələsinin 3-cü matçında Danimarka təmsilçisi “Nordsyelland”a 0:2 hesabı ilə uduzsa da, son iki turda maksimum nəticə göstərib. “Özerspor”u Ruslan İsmayılov və Rauf Məhərrəmovun qolları ilə 2:1 məğlub edən komanda, ardınca “Seyrantəpəspor”la görüşüb. Bu matçın taleyini Bayraməli Qurbanovun qolu həll edib – 1:0.
İlk oyun günündə “Berlin Türkiyemspor”u 1:0 hesabı ilə məğlub edib, “Qalatasaray”dan 2 cavabsız qol buraxan Ülfət Mədətovun komandası qrup mərhələsini 9 xalla başa vurub.
Beləliklə, 6 komandanın iştirak etdiyi qrupda 3-cü yeri tutan “Qəbələ” 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. “Qırmızı-qaralar” aprelin 2-dəki ilk matçında “Osmanlıspor”la qarşılaşacaq. Bu matç saat 11:30-da başlayacaq.