Bugünlərdə “Gömrükçü” idman klubundan olan peşəkar idmançı, sərbəst güləş üzrə Avropa çempionu Xeyransa Məmmədova ( ad və soyad şərtidir ) qafqaznews.org saytına müraciət edib.
Sportarena.az xəbər verir ki, müraciətində, 2013-cü ilin may ayında “Qarabağ Broyler” şirkətinin rəhbəri, sahibkar Nəriman Əliyev onu zorlayıb: “ 2013-cü ildə Zaqatalada bizim komanda Almaniyada olacaq yarışa hazırlaşırdı. Bizim sponsor Nəriman Əliyev idi. Mən yüksək nəticə göstərsəm də, məni Almaniyaya göndərmək istəmədilər. Nəriman Əliyev öz köməyini mənə təklif elədi. O, mənə təklif elədi ki, böyük adamların biri ilə səni görüşdürəcəm və o sənə kömək edəcək. Həmin “böyük adamla” görüş Nəriman Əliyevin Qaxdakı ofisində olmalı idi. Mən razılaşdım və görüşə rəfiqəmlə getdim. Nəriman bizi ofisin qapısında qarşıladı və rəfiqəmə küçədə gözləməyi bildirdi və dedi ki, görüş bir neçə dəqiqə çəkəcək. Mən də ona inandım. Ancaq mən Nərimanın kabinetinə girən kimi o mənim üstümə atıldı”.
Müxbirimizin “Siz zorlanma ilə bağlı polisə müraciət etdinizmi?” sualına idmançı xanım belə cavab verib: “ Yox, etmədim. Nəriman məni qorxuzaraq dedi ki, polisə şikayət eləsən, səni məhv edərəm. Paltarım cırıldığı üçün məni idmançılar yaşayan otelə Nəriman Əliyev özü gətirdi”.
Müxbirimizin “Bəs rəfiqəniz hara getdi?” sualına idmançı xanım “Görüş uzandığı üçün çıxıb gedib” cavabını verdi.
Düz doqquz aydan sonra Xeyransa Məmmədova ana olub, Rudin adında oğlu olub. Məmmədova müxbirimizə bildirib ki: “ Mən çox şəraitsiz yerdə anam və oğlumla yaşayıram. Ailədə ancaq mən işləyirəm. Ona görə də Nəriman Əliyevə müraciət elədim, oğlu barədə məlumat verdim və xahiş elədim ki, kömək etsin. Ancaq o imtina elədi”.
Belə olanda zərəçəkən Pirallahı rayon məhkəməsinə müraciət edir: “ Mən iddia qaldırdım ki, Nəriman Əliyev oğlumun atası kimi tanınsın və o aliment ödəsin. Məhkəmə Nərimanın oğlumun atası olduğunu sübut eləmək üçün DNT analizi barədə qərar çıxardı. Mən razılaşdım. Ancaq məlum oldu ki, analiz üçün 2 min manat ödəməliyəm. Mənim isə buna imkanım yoxdur”. Müxbirimiz zərəçəkəndən soruşub ki, “İddianızda Nəriman Əliyev tərəfindən zorlandığınızı qeyd elədinizmi?”.
Zərəçəkən bildirib ki: “ Yox. Vəkilim Ümman Salehzadə dedi ki, lazım deyil”. Ümman Salehzadə nə üçün zərərçəkənin zorlanması ilə bağlı məlumatı iddiaya daxil etməyib?
Ümman Salehzadə qafqaznews.org –a bildirib ki: “ İddia əzrizəsində Xeyransa Əliyevanın sözləri ilə yazılıb ki, Nəriman Əliyev onu aldadıb və razılığı olmadan onunla cinsi əlaqədə olub”. Biz Xeyransa Məmmədovadan iddia ərizəsini xahiş etdik. Orada iddiaçı tələb edir ki, Nəriman Əliyev onun övladının atası kimi tanınsın və ona hər ay 500 manat aliment verilsin. Ancaq iddia ərizəsində zərərçəkənin zorlanması ilə bağlı heç nə yazılmayıb. Ümman Salehzadə tərəfindən yazılmış iddia ərizəsində qeyd olunub ki, 2013-cü ilin mayından Xeyransa Məmmədova Nəriman Əliyevlə qeyri-rəsmi nikahda olub.
Görəsən zərərçəkənin dedikləri ilə vəkilin yazdıqları niyə bir-birini inkar edir? Yeri gəlmişkən, Xeyransa Məmmədova öz vəkilindən imtina edib. Biz Nəriman Əliyevin də fikirlərini öyrənmək istəsək də mümkün olmadı. Onu da qeyd edək ki, Xeyransa Məmmədova milli yığmamızın tərkibində Azərbaycanda keçiriləcək Avropa oyunlarında iştirak etməyə hazırlaşır.(qafqaznews.org)