Pasportunda yaranmış problemlərə görə Azərbaycan – Malta (2:0) oyunundan sonra Türkiyəyə, çıxış etdiyi “Karşıyaka” klubuna geri dönə bilməyən Mahir Şükürov günün əvvəlində problemini həll edib.
Sportarena.az xəbər verir ki, futbolçu komandanın düşərgəsinə yetişsə də, məşqlərdə görünməyib. Onun bu gecikməsinin baş məşqçi Ayhan Akman tərəfindən məsuliyyətsizlik kimi başa düşüldüyü və əvəzedici heyətə göndəriləcəyi xəbərləri yayılıb.
Əldə etdiyimiz məlumata görə isə futbolçunun bağışlanma ehtimalı var. Belə ki, klubun məşqçilər heyəti ondan izahat tələb edəcək. Əgər, Şükürov gecikmənin onun məsuliyyətsizliyi səbəbindən baş vermədiyini sübut edə bilsə, əsas heyətdə qalacaq.
Qeyd edək ki, Mahir Şükürov baş məşqçi Ayhan Akmanın kluba baş məşqçi gətirilməsindən sonra 4 oyunda 206 dəqiqə meydanda olub. Ümumilikdə isə Şükürov bu mövsüm keçirdiyi 20 oyunda 707 dəqiqə komandasının şərəfini qoruyub.