“Onlar döyüşkən komandadır. Meydanın hər qarışı uğrunda mübarizə aparırlar”
Bu sözləri sportarena.az saytına açıqlamasında “İnter” klubunun futbolçusu Asif Məmmədov deyib.
Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”la qolsuz sülh bağlayan “İnter” növbəti oyunda “Xəzər Lənkəran”a qarşı mübarizə aparacaq. “Bankirlərin” son zamanlar yüksəlişdə olan futbolçusu Asif Məmmədov son oyunu dəyərləndirərək, “İşimiz çətinə düşdü. “Qarabağ”la xal fərqi 9-dur və bu çox böyük bir fərqdir. Amma, futbolda hər şey ola bilər. Biz sonra qədər mübarizə aparacayıq. “Qarabağ”la daha bir oyunumuz var. Həmin oyuna qədər onlara daha da yaxınlaşmalıyıq ki, çempionluq şanslarımız qalsın”. – deyə bildirib.
Məmmədov, aprelin 5-də qarşılaşacaqları “Xəzər Lənkəran” haqqında da xoş sözlər deyib. “Öz meydanımızda mütləq qələbə üçün oynayacayıq. Bununla belə rəqib də asand rəqib deyil. Onlar döyüşkən komandadır. Meydanın hər qarışı uğrunda mübarizə aparırlar. “Xəzər Lənkəran”la oyun çətin olacaq. Digər oyunlara da yaxşı hazırlaşmalıq”.