13 yaşadək futbolçulardan ibarət komandalar arasında Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq “VI Manavqat” turnirində pley-off mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, 9-16-cı yerlər uğrunda mübarizə aparan “Qəbələ”nin U-13 komandası bu mərhələnin iki oyununu keçirib. Türkiyənin “Osmanlıspor” klubu ilə qarşılaşan “qırmızı-qaralar” bu görüşdə 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Ülfət Mədətovun komandası 13-16-cı yerlər uğrunda mübarizə aparmalı olub. Kosovo təmsilçisi “Nyu Star”la qarşılaşan “Qəbələ” bu matçda 2:0 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Nihad Bağırov və Veysəl Rzayev vurublar. Sabah başa çatacaq turnirin son günündə “Qəbələ” 13-14-cü yerlər uğrunda matçda meydana çıxacaq. “Qırmızı-qaralar” Danimarkanın “Holbak” komandası ilə üz-üzə gələcək. Matç saat 10:45-də başlayacaq.
Qeyd edək ki, “qırmızı-qaralar” qrup mərhələsində Türkiyə “Qalatasaray”ı və Danimarka təmsilçisi “Nordsyelland”a eyni - 0:2 hesabı ilə uduzub, “Özerspor”u 2:1, “Seyrantəpəspor”la
“Berlin Türkiyemspor”un hər ikisini 1:0 hesabı ilə məğlub edərək 9 xalla 6 komanda arasında 3-cü olmuşdu.