"Xəzər Lənkəran" yaxşı müdafiə olunurdu" - MÜSAHİBƏ

01:20 6 Aprel 2015

“İnter”in aparıcı üzvü Məhəmməd Mirzəbəyov Premyer Liqanın 28-ci turu çərçivəsində “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra  müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- “Xəzər Lənkəran”la oyun haqda nə deyə bilərsən?

- Oyun asan keçmədi. “Xəzər Lənkəran” yaxşı müdafiə olunurdu. Əks hücumlarda yaxşı təsir bağışlayırlar. Amma biz hesabı açdıqdan sonra daha rahat oynadıq. Hesabı birinci hissədə açsaydıq, daha yaxşı olardı.

 

- Baş məşqçiniz mətbuat konfransında qeyd etdi ki, fasilədə bəzi oyunçuların “yuxudan ayılması” üçün lazım olan sözlər deyib. Sxadadze fasilədə hansı iradlarını bildirdi?

- O, lazım olan sözləri dedi. İkinci hissədə komandamız daha məsuliyyətli oynadı. Bundan sonra yaxaladığımız epizodlara ciddi yanaşdıq və qol vurduq.

 

- Siz fasilədə olarkən lider “Qarabağ”ın “Bakı” ilə oyunda 2 xal itirdiyi artıq məlum idi. Bu məqam da oyununuza təsir etdi?

- Biz fasilədə olarkən “Qarabağ”ın “Bakı” ilə heç-heçə oynadığını bilmirdik. Bu haqda yalnız oyundan sonra xəbər tutduq. Bəlkə də nəticəni bizə qəsdən demədilər. Düşünüblər ki, komandaya bu, mənfi təsir göstərə bilər. “Qəbələ”nin 3:0 hesabı ilə öndə olduğunu bilirdik. Amma dediyim kimi, “Qarabağ”ın nəticəsindən xəbərsiz idik.

 

- “Qarabağ”ın xal itirməsi sənin üçün də sürpriz oldu?

- Təbii ki. Liderin xal itirməsi hamı üçün sürprizdi. Bunu tək mən yox, çoxları gözləmirdi.

 

- Düşünmək olar ki, xal fərqinin 7-yə enməsindən sonra “İnter” yenidən çempionluğa ümidlənib? Çünki əvvəlki turda “Qarabağ” - “İnter” matçının qolsuz tamamlanmasından sonra Ağdam klubunun qızıl medallara daha yaxın olduğunu çoxları düşünürdü.

- Ötən il “Neftçi” “Qarabağ”dan 12 xal geri qalırdı. Amma “Qarabağ” ardıcıl xal itkisinə yol verdikdən sonra “Neftçi” bu komandaya yaxınlaşmışdı. Odur ki, mövsümün sonuna hələ var və çempionun hansı komanda olacağını söyləmək çətindir.

 

- Çempion olmaq, “Qarabağ”a çatmaq üçün “İnter” ilk növbədə bu komandanı məğlub etməlidir...

- “Qarabağ”a çatmaq üçün təkcə “Qarabağ”ı udmaq bəs etmir. Bunun üçün digər rəqiblərə də qalib gəlmək lazımdı. Razıyam ki, onlarla oyunumuz 6 xallıq matç kimi dəyərləndirilir. Lakin digər rəqibləri də unutmaq olmaz. “Neftçi” hazırda bizə çox yaxındır. Mövsümün sonuna 8 tur qalıb. Bu da az xal deyil. Əgər, sona 4 tur qalsaydı, bizim şansımızın az olduğunu söyləmək mümkün idi. İndiki halda isə hər şey ola bilər.

 

- Qarşıda “İnter”i kubok oyunu gözləyir. Çempionatda “Neftçi”yə qarşı keçirdiyiniz 3 oyunda 7 xal qazanmısız. Eyni uğuru kubokda da təkrarlamaq mümkün olacaq?

- Yarımfinal matçına ciddi hazırlaşacağıq. “Neftçi” ilə görüşlərdə yaxşı nəticə qazanmağa çalışacağıq. Kuboku qazanmaq istəyiriksə, ilk növbədə finala yüksəlməliyik.

 

- Cahangir Hacıyevin Beynəlxalq Bankdan gedişindən sonra “İnter”in gələcək taleyi haqda çox söz-söhbələr gedir. Bu məqam oyununuza mənfi təsir etmir?

- Yox, təsir etmir. Çünki biz ilk növbədə qarşıya qoyulan məqsədə çatmalıyıq. Gözümüz yumub gələcəyi yox, oyunumuzu düşünməliyik. Kobud dildə desək, biz təkcə klubun yox, həm də öz adımızı fikirləşməliyik. Kimsə düşünsə ki, gələn il “İnter” olmayacaq, o ilk növbədə özünə ziyan vurmuş olacaq. Uğur komanda şəklində qazanılır.

 

- Bir müddət əvvəl “İnter”lə yeni müqavilə haqda razılığa gəlmişdin. Bu məsələni bitmiş hesab etmək olar, yoxsa məlum istefadan sonra vəziyyət dəyişib?

- Hazırda məsələ sual altındadır.Çünki Cahangir Hacıyevin istefasından sonra qeyri-müəyyənlikdir.

 

- Klub prezidenti Georgi Nikolov bu haqda siz futbolçulara heç nə deməyib?

- Konkret heç nə yoxdu. Bəlkə menecerimə nəsə deyiblər. Amma ümumi şəkildə heç bir söhbət olmayıb. Heç nə demirlər. Bildiyimiz qədəri ilə yaxınlarda iclas olacaq və bundan sonra bütün suallara aydınlıq gələcək. Bizim işimiz futbol oynamaqdı. (Futbelxeber.az)

 


Digər xəbərlər

Xəbər xətti