Dünən "Neftçi"nin futbolçusu Julius Vobayın "Simurq" azarkeşlərinə ədəbsiz jest göstərməyi ilə bağlı məlumat yayılıb.
Sportarena.az xəbər verir ki, "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu barədə xəbərlərə belə münasibət bildirib:
"Əziz azarkeşlər, hörmətli mətbuat nümayəndələri, eləcə də digər dostlarım. “Neftçi”nin futbolçusu Julius Vobayın ədəbsiz jest etdiyi iddiası mətbuatın gündəmindədir. Əslində, bu iddialara münasibət daha tez verilə bilərdi. Sadəcə məsələnin aydınlığa çıxması üçün faktlar əldə etmək vaxtımızı aldı. Sizə təqdim etdiyimiz videoya diqqətlə baxmağınızı xahiş edirəm. Julius Vobay oyundan sonra qələbəni özünə məxsus tərzdə qeyd edir. Fikir veririsinizsə, bu jest “Simurq” azarkeşlərinə deyil, qələbə qolunun vurulmasında əməyi olan Əziz Quliyevə və Nikolas Kanalesə, həmçinin qapısını toxunulmaz sağlamağı bacaran Aqil Məmmədova yönəlir. Bu təhqir deyil, Vobaya məxsus qələbə sevincidir. Bu barədə futbolçumuz Julius Vobayla da söhbətimiz oldu. O, illərdir ölkəmizdə yaşadığını və bir müsəlman kimi Azərbaycan xalqının inancına, adət-ənənəsinə az-çox bələd olduğunu söylədi. Vobayın mənə dediklərini olduğu kimi bura yazıram: “Həmin epizodda ədəbsiz jestdən söhbət belə gedə bilməz. Uzun illərdir Azərbaycandayam və heç vaxt belə hərəkət etməmişəm, bundan sonra da etmərəm. Gərgin oyundan sonra qazandığımız qələbəni komanda yoldaşlarımla bu formada qeyd etdim. Əgər, hər hansı azarkeş bu hərəkətimi qeyri-etik jest kimi başa düşübsə, mən həmin insanlardan üzr istəməyə hazıram. Kiminsə qəlbini qırmaq istəmərəm.
“Neftçi” PFK olaraq bildirmək istəyirik ki, əgər Julius Vobay belə bir hərəkət etmiş olsaydı, ilk növbədə klubumuz onu cəzalandırardı.