“Neftçi” klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayevin sportarena.az saytına müsahibəsi:
– Bir ədəbiyyat insanı üçün futbolda klub rəhbəri olmaq necə hisdir?
– Mən futbol klubuna 5 il rəhbərlik etmişəm. Hüquq fakultəsində 5 il futbol klubunun prezidenti olmuşam. Bizim çox böyük uğurlarımız olub. Universitetin çempionu olmuşuq, Bakıda da uğurlu yerlər qazanmışıq. Futbolu uşaqlıqdan sevirəm və təcrübəm də var.
– Fakultə klubu ilə “Neftçi”ni müqayisə etmək olar?
– Rəhbər elə hər yerdə rəhbərdi. Fərqi yoxdur, böyük, yoxsa kiçik klub.
– Əsərlərinizdə öz fantaziyanızdan əlavə real məlumatlar da olur. Azərbaycan futbolunda hansı hadisələr var ki, onu kitaba çevirmək olar?
– Mənim futbola aid iki əsərim var. Biri “Dinamo Leninqrad”, biri də “Mançester Yunayted”ə aid. Oxusaz orada görə bilərsiz ki, futboldan da yazmışam.
– Düzü oxumamışam, amma, maraqlandığım odur ki, sırf Azərbaycan futbolunda hansı maraqlı faktlar var ki, onu kitaba çevirmək olsun?
– Hələ ki, 6 gündür işləyirəm. İmkan verin, heç olmasa baxıb araşdırım (gülür). Hələ indi sənədlərə baxmağa imkan tapmışam. Düzdü, 6 günd “Neftçi” 2 dəfə qalib gəlib. Amma, bu mənim zəhmətim deyil. Bu komandanın zəhmətidir. Onlar çox uğurlu oynayırlar. Görünür ayağım düşüb.
– 6 gün ərzində nələri öyrənə bildiz? Klub sizə necə təsir bağışlayıb?
– Bu klub Azərbaycanın əfsanəsidir və mən inanıram ki, biz klubu daha gözəl səviyyəyə qaldıra bilərik. Heç olmasa Avropada Azərbaycanı uğurla təmsil edərik. Türkiyə uğurlu çıxışı bacarıb, Dünya Çempionatında üçüncü yeri tutublar, gözəl klubları var. Mən inanıram ki, biz də Azərbaycan futbolunu qaldır bilərik. “Neftçi” uğurla avrokuboklarda çıxış edəcək.
– Yəqin “Xəzər Lənkəran” və “Neftçi” klubları arsındakı əzəli rəqabətdən xəbərdarsız. Qarşıdakı oyun barədə fikirləriniz hər kəsə maraqldır.
– Gözləyirəm ki, komanda Lənkəranda uğurla iştirak edəcək və ən azı uduzmayacaq. İnanıram ki, rəqimiz də bizə yaxşı yanaşacaq və heç bir insident, heç bir toqquşma olmayacaq, yalnız meydanda futbol görəcəyik.
– Yəqin bu komandalar arasındakı soyuq münasibətdən də xəbərdarsız...
– Bilirəm... Amma, onu deyim ki, “Xəzər Lənkəran” da Azərbaycan klubudur, “Neftçi” də. Mənim arzum odur ki, oyun müsbət mənada yadda qalsın. Klublar arasındakı soyuqluğu başa düşə bilmirəm. İki Azərbaycan komandası öldürməlidir bir-birini? Mən belə şeylərə inanmaq istəmirəm. Mən inanaıram ki, hər iki klubun rəhbərliyi, futbolçuları, məşqçiləri dərk edirlə öz məsuliyyətlərini və heç bir insident olmaz. Bu hadisələr oldu və qurtardı, keçdi getdi daha.
– “Xəzər Lənkəran”la oyunda komandanızın səfər sindromu var. Yəni illələdir ki, səfərdə qalib gələ bilmirsiz. “Neftçi” azarkeşləri də bundan çox narazıdır.
– İnanaq ki, sindromu qırarıq.
– Müşahidə Şurasının nizamnaməsində əsas hansı dəyərlərə hüquqi status veriləcək?
– Əsas odur ki, şəffaflıq olsun. Avropaya çıxmaq istəyiriksə aşkarlıq prinsipləri olmalıdır. Təbii ki, dəyişikliklər olmalıdır. Amma, bu dəyişikliklər mövsüm sonunda olacaq. İndi danışsam, bu ciddi olmaz.
– İşiniz kitab yazmağa mənfi təsir göstərə bilər...
– İşləyən üçün mümkünsüzdür kəlməsi yoxdur. İşləmək istəməyən həmişə bəhanə tapır. Çörçill müharibə vəziyyətində kitab yazdı və Nobel mükafatını aldı. Mənim də işim kitab yazmağıma maneə olmaz.
Rahim Şaliyev