Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan Premyer Liqasının 27 və 28-ci turlarında yol verilən qayda pozuntuları barədə müvafiq qərar çıxarıb.
Azərbaycan Premyer Liqasının XXVII turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXVIII turunun AZAL – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Azərbaycan Premyer Liqasının XXVIII turunun “Simurq” – “Neftçi” matçında “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cəza kəsilib.
Oyunun 74-cü dəqiqəsində “Neftçi” klubunun 2 nömrəli futbolçusu Karlos Kordoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır, klub 2000 manat cərimə olunub.
Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.