Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunu 2-2 hesabı ilə başa çatdı. “Xəzər Lənkəran” 0-2 hesabı ilə geri düşməsinə baxmayaraq, toparlanıb 2 qol vurdu və 1 xal qazandı.
Sportarena.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov oyun barədə fikirlərini bölüşüb:
“Tam fərqli iki hissə izlədik. Fikrimcə, ilk dəqiqələrdə biz pis oynamırdıq, qol epizodları da yaradırdıq. Sadəcə, Vobayın ustalığı nəticəsində hesabda geriyə düşdük. Oyunun dönüş nöqtəsi Sankonun qırmızı vərəqə alması idi. İkinci hissədə yarımmüdafiəni daha da gücləndirdik və cərimə zərbələrinə ümüd edirdik. Çox şadam ki, özümüzdə güc tapdıq və dönüş edə bildik. Burada azarkeşlərimizin də böyük rolu var. Onları təbrik edirəm".