“Media Komitəsinin yaradılması gündəmdədir”.
Sportaren.az xəbər verir ki, bunu Futbolxeber.az saytına müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib “Avro-2020”nin startına kimi idman mətbuatının inkişaf etməli olduğunu vurğulayıb: “AFFA-nın təşəbbüsü ilə son 6 ayda 2 komitə yaratmışıq. Əminliklə deyə bilərəm ki, bunun faydasını görürük. Media Komitəsinin yaradılması da vacibdir. Bu qurum 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində olmalıdır. İdman mediası növbəti illərdə inkişaf etməlidir ki, Avropanın aparıcı ölkələri ilə rəqabət apara bilsin”.
Elxan Məmmədov vurğulayıb ki, hazırda qurumun hansı formatda fəaliyyət göstərəcəyi barədə düşünürlər: “Strukturu düşünürük. İki dəfə AFFA-nın nəzdində bununla bağlı öz aramızda iclas keçirmişik, danışıb, söhbət etmişik. Amma konkret yekun nəticə əldə olunmayıb. Beynəlxalq təcrübədən yararlanmağımız da mütləqdir. Bu komitə mətbuatın inkişafına da təkan ola bilər. Media Komitəsini mütləq yaradacağıq”.