Bakıda 16 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən UEFA-nın İnkişaf turnirinin iştirakçılarından Qazaxıstan millisi ilə bağlı tragikomik olay baş verib.
Sportarena.az "Sportinfo.kz"a istinadən xəbər verir ki, Azərbaycan paytaxtına Qazaxıstanın 16 yaşadək yox, 15 yaşadək futbolçulardan ibarət yığması göndərilib.
Nəticədə özlərindən yaşca böyük komandalarla qarşılaşmalı olan Qazaxıstan yığması Azərbaycana 0:4, Yunanıstana isə 1:6 hesabı ilə məğlub olub. İlkin ehtimallara görə, buna baş məşqçi Vasili Marunyak və Qazaxıstan Futbol Federasiyasının (FFK) milli komandalar üzrə departament rəhbəri Vladimir Niderqausun ingilis dilini bilməməsi səbəb olub. Onlar U-15 və U-16 yığmalarındakı "Under" sözünün mənasını anlamadıqlarından, bu cür hadisə yaşanıb.
Digər ehtimala əsasən, baş məşqçi rəqiblərinin onlardan yaşca böyük komanda ilə çıxış edəcəklərini bilib. Lakin V.Marunyakın xahişi ilə Bakıya 15 yaşadək heyət göndərilib. Üçüncü ehtimal isə belədir ki, hazırda Niderqausun başı Karaqanda "Şaxtyor"una direktor vəzifəsinə düzəlməyə yönəlib.
Turnirdəki oyunların iştirak ərizəsində yer alan futbolçuların doğum tarixlərinə baxdıqda, futbolçuların 1999-cu il təvəllüdlü, yəni, 15 yaşlarının olduqları nəzərə çarpır. Bir müddət öncə FFK-nın rəsmi saytında isə Bakıya Qazaxıstanın gənclərdən ibarət yığmasının öz həmyaşıdları arasında keçiriləcək beynəlxalq turnirdə iştirak üçün yollanacağı bildirilib. Məsələ yığma üzvləri Bakıdan qayıtdıqdan sonra araşdırılacaq.
Qeyd edək ki, bu, Qazaxıstan yığmasında baş verən ilk belə hal deyil. Analoji hadisə İtaliyada keçirilmiş turnir vaxtı da yaşanıb. Həmin vaxt şərq qonşularımız turnirə digər iştirakçılardan yaşca böyük olan yığma komanda ilə yollanıblar. (report)