Futbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Dmitri Kramarenkonun yeni iş yeri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, D.Kramarenko "Neftçi" klubunda çalışacaq.
41 yaşlı mütəxəssis flaqmanın qapıçılarla iş üzrə məşqçisi kimi fəaliyyət göstərəcək. O, yeni vəzifədə Pavel Doroşevsi əvəzləyəcək. İyunun 1-də latviyalı məşqçinin klubla müqavilə müddəti başa çatdıqdan sonra sabiq qapıçı vəzifəsinin icrasına başlayacaq.
D.Kramarenkonun özü "Report"a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib. O, "Neftçi"dən hələ rəsmi təklif almadığını bildirib. Keçmiş qapıçı hazırda atası Sergey Kramarenkonun adına qapıçılar məktəbi açmaq istədiyini və bu məqsədlə sabah AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəyini söyləyib.
Qeyd edək ki, Dmitri Kramarenko karyerası ərzində Azərbaycanda "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter", "Simurq" klublarının qapısını qoruyub. Məşqçi kimi isə onun son iş yeri "Qəbələ" olub. Roman Qriqorçukun baş məşqçi təyinatından sonra D.Kramarenkonun "qırmızı-qaralar"la yolları ayrılıb.