Azərbaycanın ilk olimpiya lisenziyasının sahibi: "Əsl arxayınçılıq Rio-2016-dan sonra olacaq" - MÜSAHİBƏ

12:15 14 Aprel 2015

 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına Azərbaycanın ilk lisenziyasını WSB Liqasında qazanmış "Baku Fires" klubunun boksçusu Albert Səlimov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- "Baku Fires"in heyətində "USA Knockouts”dan olan rəqibin Karlos Balderası texniki nokautla yendiniz. Əvvəlcə görüş barədə fikirlərinizi bildirərdiniz...

– Deməzdim ki, bu döyüşdə bəxtim gətirdi. Düzdür, ilk raundda fəal deyildim, taktikanı düzgün seçməmişdim. Sonradan fəallaşdım, öz üslubumla hərəkət etdim və hər şey qaydasına düşdü. Heç yorğunluq hiss etmədim. Düşünmürəm ki, bu, mənim ən çətin görüşlərimdən biri idi. 

 

- Hər halda, döyüşün gedişində rəqibin alın nahiyəsinə yetirdiyiniz güclü zərbə tez-tez qan axması ilə nəticələndi. Belədə görüş dayandırıldı və vaxtından əvvəl qalib elan edildiniz...
– Əslində, ilk raunddan sonra döyüşü aparırdım. Bütün rəqiblərə eyni gözlə baxıram. Razıyam, ilk raundda "yatdım". Amma sonradan vəziyyətə nəzarət edirdim. Əslində, mən sonadək döyüşmək istəyirdim. Çünki fərqli boksçu idi. Ona qarşı mübarizə aparmaq mənə maraqlı idi. 
 

- Bu qələbədən sonra reytinqdə ilk pillədəki mövqeyinizi qoruyaraq Rio-2016-ya lisenziyanı öncədən təmin etdiniz... 
– Hələ bir döyüşüm qalıb. Amma məşqçilər korpusu qərara gəldi ki, görüşdə iştirak etməyim. Artıq məsələ həll olunub. İnşallah, bundan sonra bir müddət dincələcəm.

 

- Olimpiya Oyunlarında hədəfiniz nə olacaq?
– Mənə dəstək olan hər kəsə minnətdaram. Təbii, indidən rahatlaşmamalıyam. Əsl arxayınçılıq Riodan sonra olacaq (gülür). Orada yaxşı nəticə üçün döyüşəcəyəm.

 

- Rio-2016-dan öncə, milli komandamızı daha bir ciddi sınaq gözləyir. Bu, I Avropa Oyunlarıdır. Bakıda da özünüzü sınamaq istərdinizmi?
– Azərbaycan Boks Federasiyasının rəhbərliyi, həmçinin “Baku Fires”in baş meneceri Rizvan Gənciyev və məşqçlərimiz razılıq versələr, Avropa Oyunlarında mübarizə aparacağam. Bunu çox arzulayıram.

 


Digər xəbərlər

Xəbər xətti