“Xəzər Lənkəran” klubunun futbolçusu Kamran Abdullazadənin sportarena.az saytına müsahibəsi:
– Son oyunda gözəl mübarizə oldu. Bunun davamı “Qəbələ ilə oyunda gələcəkmi?
– Hazırda istirahətdəyik. Fərdi məşq proqramına uyğun hazırlıqlara davam edirik. Uşaqlarla birlikdə stadionda da məşqlərimiz olur. Son oyunda azarkeşlərin dəstəyi bizi qələbəyə daşıdı. Onlar möhtəşəm idi. “Qəbələ” ilə oyunda da belə olsa nəticə qazana bilərik.
– Çoxları iddia edir ki, artıq “Xəzər Lənkəran” özünü tapıb.
– Komandamızın uğurlu çıxışları olub. Baxmayarq ki, bizim təcrübəmiz azdır, amma, çalışrıq, əlimizdən gələni edirik.
– “Neftçi” ilə oyunun fasiləsində nə baş verdi ki, belə dəyişmə oldu?
– Nəyinki fasilədə, oyundan öncə də biz yaxşı hazırlaşmışdıq. Fasilə götürmədən “Neftçi” ilə oyunun hazırlıqlarına başladıq. Bütün diqqətimiz bu oyunda idi. Baş məşqçi də bizi oyuna yaxşı kökləmişdi.
– Sanko hakimin qərəzli olmağından danışdı...
– Düzü Sankonun qırmızı vərəqəsi başadüşülən idi. Amma, hakim “Neftçi”də eyni şeylər olanda heç şifahi xəbərdarlıq da etmirdi. Bu mənada hakim “Neftçi”yə çox kömək etdi.
– Cərimə zərbələrinə daha öncədən hazırlaşmışdız?
– Məşqdə əvvəlcə Rahid, sonra Sadio sınandı. Amma, onların zərbələri yaxşı alınmırdı. Skarla isə zərbələri boşa vermirdi. Buna görə də əvvəlcədən planlaşdırmışdıq ki, Sadio ötürmə versin Skarla vursun.
Rahim Şaliyev