"Neftçi" klubu dünən keçirilən iclasla bağlı rəsmi açıqlama yayıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, açıqlamada iclasda qəbul olunmuş qərarlar yer alıb.
1. "Neftçi" PFK-nın yeni strukturu və iş sistemi təsdiq edilib. Müşahidə Şurasının növbəti iclasına kimi, klubun ştat cədvəlinin hazırlanaraq şuraya təqdim edilməsi qərara alınıb.
2. "Neftçi" PFK-nın yeni strukturunda idman direktoru vəzifəsinin təsis edilməsi və bu vəzifənin Vəli Qasımova həvalə edilməsi ilə bağlı qərar qəbul edilib.
3. "Neftçi" PFK-nın Futbol Akademiyası nəzdində "Sergey Kramarenko adına qapıçılar məktəbi"nin təsis edilməsi haqqında qərar qəbul edilib.
4. İclasda "Neftçi" PFK-nın muzeyinin yaradılması haqqında qərar qəbul edilib. Muzey layihəsi ilə bağlı meydana çıxacaq maliyyə xərcləri Müşahidə Şurasının növbəti iclasında təqdim olunacaq.
5. "Neftçi" PFK-nın iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"unun təsis edilməsi ilə bağlı qərar qəbul edilib.
6. "Neftçi" PFK-nın Müşahidə Şurasına təqdim olunmuş "Stadium tour" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib.
7. "Neftçi" PFK-nın rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında geniş miqyaslı sorğunun təşkil olunmasına qərar verilib.
Qeyd edək ki, "Neftçi"nin rəsmi loqotipi indiyə kimi 4 dəfə yenilənib.