Azərbaycan çempionatının həvəskarlar liqasında həmişə liderlik mübarizəsində gördüyümüz Masallı rayonunun “Viləş” futbol klubu indi çətin durumla üz-üzədir.
Sportarena.az Cenubnews.com-a istinadən xəbər verir ki, komandanın nə bazası, nə də əməlli başlı stadionu var. Həmçinin komandanın heç bir maddi dəstəyi də yoxdur. Masallının sabiq icra başçısı Teymur Yəhyəyevdən sonra “Viləş” futbol klubuna heç bir qayğı göstərilmir. Dəfələrlə Masallı futbolçuları klubu canlandırmağa çalışsalar da, buna imkanları olmayıb.
Futbolçular Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova dəstək olmaq üçün müraciət etsələr də, icra başçısı onları sahibsiz məhəllə komandaları kimi qapısından uzaqlaşdırıb.
Bundan sonra “Viləş” futbol klubu bir neçə yardımsevər insandan pul toplayaraq oyunlara qatılırdı. Amma bu işlər də istənilən kimi getmədi. Həmin yardımsevərlər də pullarının qurtardığını bildirib. Azərbaycanımızın gələcəyi olan bu futbolçular isə yarı yolda buraxılıb.
Hər bir imkanlı şəxsin qapısından əli boş qayıdan Masallı futbolçuları bu üzdən gündüzlər müxtəlif sahələrdə çalışır, axşamlar isə məşqlərə qatılırlar.
Ac, halsız halda oyunlara qatılan “Viləş” futbol klubunu görəsən bir nəfər bu bataqlıqdan çıxarmağa çalışacaqdırmı?!
Qeyd edək ki, daima öz alın zəhməti ilə qazanıb həvəskarlar liqasında oynayan "Viləş" futbol klubu "Şirvan" futbol klubuna 3:1 hesabı ilə qalib gəlməklə yarımfinala yüksəlib.Yarımfinal oyununda Masallı rayonun “Viləş” futbol klubu paytaxtın “Sabunçu” futbol klubu ilə qarşılaşacaq.
Oyun 19 aprel saat 15:00 da, Masallı şəhəri Ərkivan qəsəbə stadionda keçiriləcək.