Azərbaycan Voleybol Federasiyası ölkə klublarının avrokuboklardakı nəticələrindən narazıdır

14:08 16 Aprel 2015

"Klublarımız Avropa kuboklarında gözlədiyimiz nailiyyəti əldə edə bilmədilər".

 

Sportarena.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov deyib.

 

E.İsmayılov voleybolçu qadınlardan ibarət klubların elə də yüksək nailiyyət göstərə bilməmələrini 2 səbəblə əlaqələndirib. O bildirib ki, klub yaradılanda onun onurğa sütununu təşkil edən oyunçular da formalaşdırılmalıdır: "Mövsümlük müqavilələr bağlandıqda həmin sütunun boşluqları, sadəcə, bərkidilməli, möhkəmləndirilməlidir. Əfsuslar olsun ki, əksər klublarımızda mövsüm başa çatan kimi heyət tam dəyişilir, yeni transferlərlə cəmi bir illik müqavilə bağlanılır, anlaşma başa çatdıqdan sonra onlar gedir, yeniləri gəlir. Əksər vaxtlarda yeni baş məşqçi gəlir. O mütəxəssis də işi quranadək uğurlu nəticələr qazanılmır və nəticədə istefaya göndərilməli olur. Fikir verdinizsə, əksər klublarımızda mövsüm ərzində baş məşqçi dəyişiklikləri baş verdi. Əlbəttə, bütün bunlar təsirini göstərir və istədiyimiz nəticəni əldə edə bilməməyimizə səbəb olur".

 

Federasiya rəsmisinin fikrincə, digər səbəb klublarda komandalar daxilində milli əhval-ruhiyyənin istənilən səviyyədə olmaması ilə bağlıdır: "Çalışmalıyıq ki, bu, olsun. Açığı, əcnəbilərin olduğu yerdə doğmalıq hiss etmirəm. Yalnız bayrağımızdan başqa. Bu mövsüm sifariş ərizələrində 2 yerli voleybolçunun olmasına dair qərar çıxardıqdan sonra görürdüm ki, himnimiz səslənəndə oxuyurlar. Amma bir də var ki, bütün heyət himni bilməsin, oxumasın. Heç olmasa, əcnəbilər cəlb olunduğu vaxt elə mühit yaradılmalıdır ki, legionerlər Azərbaycanda olduqlarını hiss etsinlər. Yəni, biz milli dəyərlərimizi qoruyub saxlamalıyıq. Bura gələn xarici ölkə vətəndaşına qonaqpərvərlik göstərdiyimiz kimi tələb və məcbur etməliyik ki, ənənələrimizə, dilimizə, dinimizə, mentalitetimizə hörmətlə yanaşsınlar. Mən inanmıram ki, milli mentalitetimizlə bağlı olan məsələləri əcnəbi mütəxəssis düşünsün və qaldırsın. Bizim öz danışıq, yanaşma tərzimiz var. Milli dəyərlərimizi qoruyub saxlamalıyıq. Bu da əsas amillərdəndir. Tamaşaçıların yığılması, komandaya dəstək olmaları üçün klublar bunları da nəzərə almalıdırlar".

 

Qeyd edək ki, bu mövsüm Azərbaycan klublarından Avropa kuboklarında ən yüksək nailiyyəti CEV Kubokunda yarımfinaladək irəliləyə bilən "Rabitə" göstərib. "Azəryol" Çempionlar Liqasının, "Lokomotiv" isə CEV Kubokunun 1/4 finalında mübarizəni dayandırıb. 

 


Digər xəbərlər

Xəbər xətti