"Qəbələ"dən mövsümün rekordu

12:04 18 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXX turunun “Neftçi” ilə səfər oyunu “Qəbələ” üçün rekordlarla əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, “Bakcell Arena”dakı qarşılaşmada 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” mövsümə, kluba və futbolçularına məxsus rekordları yeniləyib.
 

Ardıcıl 7 qələbə


“Qəbələ” həm özünün, həm də mövsümün rekorduna imza atıb. Belə ki, “qırmızı-qaralar” ardıcıl 7-ci çempionat qarşılaşmasında meydanı 3 xalla tərk edib. Bu isə ötən tur seriyanı 6-ya çatdırmaqla tarixinin rekordunu müəyyənləşdirən komandamız üçün yeni nailiyyətdir. Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri bakılılara məğlubiyyətin əvəzini eyni hesabla çıxıb. Artıq 61 gündür xal itirməyən “Qəbələ” bu müddətdə “Neftçi”yədək “Xəzər Lənkəran”ı 3:1, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Simurq”u 1:0 hesabı ilə məğlub edib. Bu isə mövsümün yeni rekordudur. Azərbaycan Premyer Liqasının 2014/15 mövsümündə daha çox ardıcıl qələbə qazanan olmayıb.
Səfərdə 7-ci zəfər
 

Mövsümün 14-cü səfər oyununa çıxan “Qəbələ” rəqib meydanlarında da 7-ci dəfə qalib gəlib. Bu nəticə də klub tarixinin ötən mövsümə təsadüf edən rekordun astanasındadır. 2013/14 mövsümündə 18 səfər matçında 7 qələbə qazanılmışdı. Rəqib meydanında əldə olunacaq növbəti 3 xal rekordun təkrarlanması ilə nəticələnəcək. Mövsümün sonunadək isə “qırmızı-qaralar” 2 dəfə səfərə çıxacaq.
 

45-ci uğur


“Neftçi” üzərində qələbə rəqib meydanlarında qazanılan 45-ci uğur olub Premyer Liqada 134-cü səfər matçına çıxan “Qəbələ”nin hesabında 33 heç-heçə və 56 məğlubiyyət də var. Bu matçlarda 143 qol vuran komanda 177 top buraxıb. 
Hüseynov 10-un astanasında
 

“Neftçi” ilə qarşılaşmada sonuncu qolun müəllifi olan Viktor Mendi klub tarixinin ən məhsuldar futbolçusuna məxsus rekordlarını yeniləyib. Seneqallı hücumçu “Qəbələ”də 31-ci, Premyer Liqada 27-ci dəfə fərqlənib. Matçda 2-ci qola imza atan Cavid Hüseynov isə şəxsi rekordunu yeniləyib. Karyerası ərzində bir mövsümə ən çox – 9 qol vurmağa müvəffəq olan yarımmüdafiəçi həm də “Qəbələ”nin tarixində 2-ci nəticəyə şərik olub. Belə ki, indiyədək yalnız Daniel Subotiç bir mövsümdə daha çox qol vurub. O, 2013/14 mövsümündə 12 dəfə fərqlənib. Çempionatın sonuna 5 oyun qaldığından Hüseynov bu rekorda da çatmaq imkanına malikdir. Cavid kimi daha 3 oyunçu mövsümü 9 qolla bitirib. 2010/11 mövsümündə Deon Barton, 2011/12 mövsümündə isə Dodo ilə Yannik Kamanan da 9 dəfə fərqlənmişdi.

 

Qeyd edək ki, komanda növbəti turda qələbə seriyasını başlatdığı “Xəzər Lənkəran”la qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti