Azərbaycan Premyer Liqasının XXX turunda “Neftçi”nin qonağı olan “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib, qələbə seriyasını 7-yə çatdırıb.
Sportarena.az xəbər verir ki, qarşılaşmada ilk qolu “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Aleksey Qay vurub. 33 yaşlı legioner “Qəbələ”nin heyətində 2-ci dəfə qol sevinci yaşayıb. Qış fasiləsində heyətə cəlb olunan Qay buna 13-cü matçında nail olub. 2015-ci ildə baş tutan 11 çempionat və 2 kubok oyununun hamısında 90 dəqiqə meydanda olan futbolçu “İnter”lə səfər oyununda da (2:1) hesabı açmışdı. Ukraynalı futbolçu matçla bağlı fikirlərini klub saytına açıqlayıb:
“Ardıcıl 7 qələbə qazandıq. Vacib olan qalib gəlməyimizdir, bu seriyanın 7 matçdan ibarət olması isə artıq statistikadır. “Neftçi” ilə qarşılaşmada daha təşkilatlanmış oyun göstərdik. Bunun da nəticəsində rəqibimizə özünün güclü tərəflərini nümayiş etdirməyə imkan vermədik. Özümüz isə əksinə, oyunla bağlı bütün düşüncələrimizi yerinə yetirdik. Bunu təkcə rəqibi yaxşı təhlil etməklə əlaqələndirməzdim. Qarşılaşmaya tam konsentrasiya olmuşduq. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, istədiyimiz nəticəni qazandıq. Heç vaxt turnir cədvəlinə baxıb, fikir söyləmirəm. Bu üzdən bürünc mükafat şanslarından danışmaq istəmirəm. Biz hər oyunda maksimum nəticə üçün mübarizə aparırıq. Düzdür, komandamızın qollarından birinə imza atdım. Amma futbolda vurulan qol bütün komandamın əməyinin nəticəsidir”.