Bu yaxınlarda AFFA-da klub rəhbərlərinin lisenziyalaşdırma ilə bağlı iclası keçirildi. İclasda yalnız Premyer Liqa klublarının nümayəndələrinin iştirakı belə deməyə əsas verirdi ki, növbəti mövsümdə də elitata oynamaq üçün elə hazırkı 9 komandaya lisenziya veriləcək. Ən azından I Diviziondan hansısa komandanın Premyer Liqada çıxış etmək ehtimalı olsaydı, bu Diviziondan da hansısa klubun nümayəndəsi federasiyadakı toplantıda iştirak edərdi.
Öncə öyrəndik ki, sən demə, sözügedən iclas 2015-16-cı il mövsümünə yox, 2014-15-ci il futbol mövsümünə həsr olunubmuş. Buna görə də AFFA-ya ancaq hazırda Premyer Liqada çıxış edən 9 klubun nümayəndəsi çağırılmışdı. Gələn mövsümlə bağlı müzakirələr isə növbəti toplantıda aparılacaq ki, həmin toplantıya I Divizion klubları da dəvət olunacaq. Təbii ki, lisenziya almaq şansı olan klublardan söhbət gedir. Ancaq bizə ötürülən məlumata görə, AFFA İK-nın reqlamentlə bağlı son qərarına baxmayaraq, növbəti mövsüm elitada komandaların sayının artırılması bu gün də aktual olaraq qalır. Hətta federasiya rəhbərliyi bu variantın baş tutması üçün yollar da arayır. Deyilənlərə inansaq, AFFA prezidenti Rövnəq Abdullayevin hokumətə müraciət edərək klublara maliyyə yardımının ayrılmasını xahiş etməsi də buna hesablanıb. Abdullayev dövlətdən Premyer Liqada çıxış edən hər klub üçün 1,5 milyon manat yardım ayrılmasını xahiş edib və deyilənə görə, hökumət də bu təklifə isti yanaşıb. Həmin 1,5 milyon manatdan eyni zamanda hazırda I Divizionda mübarizə aparan 4 iddialı kluba da ayrılması gündəmdədir. Konkret olaraq söhbət "Neftçala", "Rəvan", "Qaradağ Lökbatan" və "Zirə"dən gedir. Ancaq ehtimal var ki, "Qaradağ Lökbatan"ı Qərb bölgəsinin klublarından olan "Kəpəz", "Turan Tovuz" və "Şəmkir"dən biri əvəzləsin. Ancaq onu da öyrənə bildik ki, hazırda yuxarıda adları çəkilən 4 klub lisenziyalaşdırma ilə bağlı fəaliyyətə start veriblər. "Zirə" artıq işlərin 90 faizini görüb. Təbii ki, AFFA komanda sayını artırmağa qərar versə, hansısa kluba lisenziya vermək elə də problem olmayacaq. Yəni kimə istəsələr 1 dəqiqənin içində lisenziya verəcəklər.
Əslində Premyer Liqada mübarizə aparan klublar hazırkı büdcələri ilə də elitada oynaya bilərlər. Az öncə qeyd etdiyimiz kimi, dövlətə yardım üçün edilən xahiş daha çox I Diviziondan Premyer Liqaya gətiriləcək 4 klubun ayaqda durması üçün atılmış addımdır. Bu gün "Neftçala", "Rəvan", "Qaradağ Lökbatan", "Zirə" 400-500 minlik büdcə ilə I Divizionda oynaya bilir. Dövlətdən ayrılacaq əlavə 1,5 milyonu da bura əlavə etsək, hər klubun illik büdcəsi 2 milyon manata yaxın olacaq ki, bu məbləğ də bir mövsüm üçün Premyer Liqada oynamağa kifayət edir.
Hər halda ümid edək ki, heç olmasa 2015-16-cı il mövsümündə daha çox komandanın iştirakı ilə normal çempionat izləyə biləcəyik.rekord.az