YAZI Arazlar, cavidlər və nurlanlar...

14:16 21 Aprel 2015

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov xeyli müddətdi klubdakı işindən, eyni zamanda Azərbaycan futbolunun episentrindən uzaq düşüb. Özü fəallıq göstərməsə də, zamanında söylədiyi bir çox sitatlar dillər əzbərinə çevrilib, onu unudulmağa qoymur. “Xalq komandası”nın yaxşı vaxtlarında Süleymanovun ən sevimli sözlərindən biri “bizim arazlarımız, elvinlərimiz, cavidlərimiz var” cümləsi idi. İşi çətinə düşəndə “Neftçi”dəki gənc futbolçuların adlarını sadalayır, Azərbaycan futbolunun gələcəyinin onlarla birlikdə parlaq olacağına işarə vurur və çalışdığı komandanın işıqlı sabaha xidmət göstərdiyini önə çəkirdi. Sağ olsunlar, hamısı böyüdü, “artırdılar” və Tahir Süleymanovun üzünü “ağ” elədilər. 

 

Araz Abdullayev “Dumanlı Albion”da qərarlaşa bilməyincə özünü Yunanıstanda sınadı. Sonra da başa düşdü ki, bu dünyada onun futbol oynaması üçün ən əlverişli məkan elə Bakıdı. Cavid İmamverdiyev də onun açdığı cığırdan kənara çıxmadı. Kiyevə gəzintiyə yollandı, ordan əli ətəyindən uzun qayıtdı. “Dinamo” sevdası baş tutmayandan sonra “Neftçi”də oynamaqla peşəkarlığımı daha da artıracam, tanınmış klublarda oynamağa layiq olduğumu sübut edəcəyəm” demişdi. İş elə gətirdi ki, “ağ-qaralar” ondan könüllü imtina etdi. Belədə Türkiyənin PTT liqasının heç ortababı belə sayılmayan “Elazığspor”a sığınmaqdan başqa çıxış yolu qalmamışdı. Orda nəinki özünü isbatlamağı bacarmadı, mövsümün ortasında komandadan qovuldu. 

 

Uğursuzluğunu ört-basdır etmək üçün verdiyi açıqlama ilə özünü daha da biabır etdi. İlk baxışda düşünmək olardı ki, istedadıyla digərlərindən seçilən gənclərin sonradan belə geriləməsi, gündəmə meydandakı oyunuyla yox, ordan kənardakı “qəhrəmanlıqları”yla düşməsi “Neftçi”dəki qeyri-sağlam mühitin fəsadlarıdı. Amma sonradan gördüklərimiz və eşitdiklərimiz sayəsində yanıldığımızı anladıq. Başa düşdük ki, problem “Neftçi”də yox, ümumilikdə azərbaycanlı futbolçuların psixologiyasındadı. Bir-neçə gün bundan əvvəl “Bakı”nın yarımmüdafiəçisinin maşını yüksək sürətlə idarə etməsi barədə xəbərlər ölkə mətbuatının “bəzəyinə” çevrilmişdi. 

Artıq estafeti onun komanda yoldaşı Nurlan Novruzov təhvil alıb. Ötən il maşınla adam vuran Nurlanın barəsində məhkəmə qərarı varmış, cəzasını şərti “çəkən” hücumçunun ölkədən çıxışına “Stop” da qoyulubmuş. Bu söz-söhbətin indi yayılmasında Novruzovla münasibəti pisləşən sabiq dostlarının rolu olduğu deyilir. Belə çıxır ki, həmin dostuyla aralarında problem yaranmasaydı, fakt ictimaiyyətdən gizlədilməyə davam ediləcəkdi. Görün bizim bilmədiyimiz neçə-neçə belə faktlar, ört-basdır edilən əməllər var. Biz onların sorağını xarici klublardan eşitmək həvəsindəyik, böyüyüb Azərbaycan futboluna xeyir vermələri üçün duaçıyıq. Əcnəbi çalışdırıcılarla, legioner futbolçularla mübarizə aparırıq, yerlilərə daha çox şans verilməli olduğunu vurğulamaqdan yorulmuruq. İstəyir ki, tək-tük istedadlı azərbaycanlı futbolçular legioner bolluğunda itib-batmasınlar, klublarında söz sahibi olsunlar, milliyə daim dəvət alsınlar. Onlarsa xaricdə çətinliyə düşən kimi isti ana qucağına qaçır, Azərbaycan çempionatında gün keçirir, Bakının küçələrində “dəmir atları”nı sağa-sola çapır, sonra da pul gücünə məsuliyyətdən yayınırlar. Bizi məyus etməkdən usanmadınızmı? Hoqqalarınıza son verin, bir az da peşəkar futbolçu olmaq barədə düşünün! Sözüm sizədi: arazlar, cavidlər, nurlanlar...


Digər xəbərlər

Xəbər xətti