Azərbaycan Premyer Liqasının 31-cü turunda “Xəzər Lənkəran” ilə qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir.
SportArena.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Neftçi” ilə aprelin 17-də keçirilən 30-cu turun oyunundan sonra 2 günlük istirahət edən komanda ardından bərpa etdiyi hazırlıqlarına dünən Qəbələdə start verib.
Cəzalı və zədəli futbolçusu olmayan “qırmızı-qaralar” səfər matçına tam heyətlə hazırlaşır. Yalnız zədə səbəbindən bir müddət hazırlıqlardan kənar qalan Dodo fərdi məşqlə kifayətlənir. Braziliyalı yarımmüdafiəçi “Xəzər Lənkəran”la matçda komandasına kömək edə bilməyəcək.
Roman Qriqorçukun komandasının oyun öncəsi son məşqinin Lənkəranda baş tutması planlaşdırılıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” - "Qəbələ" qarşılaşması aprelin 25-i saat 17:00-da başlayacaq.