YAZI “Neftçi”də struktur dəyişikliyinə ehtiyac varmı?

13:13 22 Aprel 2015

Azərbaycanda “İnter”, AZAL adlı klubların varlığından bixəbər olan Çingiz Abdullayev “Neftçi”nin Müşahidə Şurasının sədri seçildikdən sonra mətbuatın ulduzuna çevrilib. Onun fikirləri, ideyaları barədə komediya da yazmaq olar, tragikomediya da, lap detektiv də. Ç.Abdullayev indi də “Neftçi”də struktur dəyişikliyi etmək isətyi ilə bağlı gündəmə gəlib. Son 5 ildə Azərbaycanın ən uğurlu futbol klubu olan “Neftçi”də struktur dəyişikliyinə ehtiyac varmı? Ümumiyyətlə, söhbət hansı dəyişiklikdən, nəyi dəyişməkdən gedir? Strukturdan söz gedirsə, yaxşı olardı ki, əvvəlcə tarixə qısa ekskursiya edək. 1937-ci ildə yaradılan ən qədim futbol klubumuzda ilk vaxtlar neft işçiləri, fəhlələr futbol oynayıblar. Yəni “Neftçi”də peşəkar klub idarəçiliyi olmayıb. Əslində Sovet imperiyası zamanı “klub strukturu” anlayışı mövcud deyildi. Ötən əsrin 50-ci illərindən başlayaraq komandaya Mərkəzi Komitədən bir məsul şəxs nəzarət edib, onun isə “Neftçi”də adamı olub - komandanın rəisi vəzifəsində.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə Azərbaycanın FİFA və UEFA-nın tam hüquqlu üzvünə çevrilməsi ilə futbol klublarımız işlərini dünya standartlarına uyğun qurmaq məcburiyyətində qaldılar. Doğrudur, 1990-cı illərdə heç bir dünya standartının şahidi olmamışıq. Kluba sponsorluq edən şəxs həm də prezident vəzifəsini icra edirdi. Yəni klub idarəçiliyi peşəkar deyildi. Məsələn, Rasim Rəfiyev, Aydın İbrahimov, Oqtay Abdullayev və Ramiz Mirzəyev “Neftçi”nin prezidenti olduqları vaxtlarda belə olub. 2004-cü ildə Rövnəq Abdullayev “Neftçi”nin prezidenti olduqdan sonra vəziyyət yaxşıya doğru dəyişməyə başlayıb. Məhz onun sayəsində klubda vitse-prezident, icraçı direktor, mətbuat xidməti, kadrlar şöbəsi, təchizat şöbəsi vəzifələri yaradıldı. 2008-09-cu illərdə, Əkbər Hacıyev “Neftçi”yə başçılıq etdiyi zaman klub idarəçiliyi yenə sıfıra endi. Bərbad idarəçilik komandanın nəticələrinə birbaşa təsirini göstərdi. “Neftçi” Azərbaycan çempionatında turnir cədvəlinin ortalarında sürünür, heç kimə lazım olmayan “İntertoto” kubokundakı 2-3 qələbə qazanmaqla, təsəlli tapırdı. 2009-cu ilin dekabrında “Neftçi”yə Sadıq Sadıqovun gəlişi isə klubun tarixində yeni parlaq səhifə açdı. Komanda S.Sadıqovun rəhbərliyi altında 3 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi oldu. Futbol tariximizdə ilk dəfə olaraq Avroliqanın qrup mərhələsinə çıxdı. Əlbəttə ki, bu uğurlar yalnız və yalnız düzgün klub idarəçiliyinin nəticəsi sayılmalıdır. Uğurlu idarəçiliyin sirlərini öyrənmək, Sadıq Sadıqovun iş prinsiplərini öyrənmək məqsədilə həmin dövrdə “Neftçi” PFK-da kadrlar, xüsusi rejim və əmək haqqı şöbəsinin rəisi işləmiş Qəşəm Məmmədovla əlaqə saxladıq. O, uğur reseptini belə izah etdi: “Məni “Neftçi”yə Sadıq Sadıqov dəvət etmişdi. İlk olaraq sənədləri təftiş etdik və gördük ki, klubda 3 qovluqdan ibarət sənəd var. Sənədlərin, əmrlərin qeydiyyatı düzgün aparılmayıb, ezamiyyətlər qanunvericiliyə uyğun verilməyib. Bütün bu işləri qurmaq üçün rəhbərlik dərhal Türkiyənin “Beşiktaş” klubunun rəsmiləri ilə əlaqəyə girdilər. Mən “Neftçi”nin hüquqşünası Cahangir müəllimlə birgə Türkiyəyə ezam olunduq. Bildiyiniz kimi, “Beşiktaş”da da klub idarəçiliyi yüksək səviyyədə qurulub. İstanbul komandasının rəsmiləri Avropa modelini seçərək, işlərini buna uyğun qurublar. Buna görə də "Beşiktaş" hazırda nəinki Türkiyənin, hətta Avropanın qabaqcıl klublarından biridir. “Beşiktaş”ın bazasında olduğumuz zaman, rəsmi şəxslərlə görüşlərdə onların iş prinsiplərini öyrəndik”. Q.Məmmədovun sözlərinə görə, İstanbul səfərindən sonra “Beşiktaş” modelini “Neftçi”də tətbiq etməyə başlayıblar: “Neftçi”də Avropa standartlarına uyğun iş sistemi quruldu. Prezident, vitse prezident, icraçı direktor, idman direktoru, mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi, kadr, rejim və əmək haqqı şöbəsi, beynəlxalq əlaqələr şöbəsi, lisenziyalaşdırma şöbəsi və digər lazımi şöbələr yaradıldı. Əmək haqqının ödənilməsi- ARDNŞ-in əməyi ödənilməsi haqqında əsasnaməyə uyğun aparıldı. İşləri Azərbaycan prezidentinin kargüzarlıq işinin təşkili haqqında 935 saylı fərmanına uyğun aparırıdıq. Deyərdim ki, məhz belə müasir klub idarəçiliyi sayəsində “Neftçi”də 5 il ərzində inanılmaz uğurlar qazandı, çempionluqları sıraladı, Avropa Liqasında tarix yazdı”. Bəs görəsən yeni strukturun yaradılması barədə “Neftçi” PFK-nın kadrlar, xüsusi rejim və əmək haqqı şöbəsinin sabiq rəisi nə düşünür? Klub idarəçiliyində böyük təcrübə qazanmış Q.Məmmədov bu ideyanın qəti əleyhinədir: “Hamıya məlumdur ki, “Neftçi”də ən son klub idarəçiliyi strukturu yaradılıb. Bunu dəyişməyə heç bir ehtiyac yoxdur. Axı nəyi dəyişəcəklər, hansı yeniliyi edəcəklər? Sadıq Sadıqovun prezidentliyi dövründə klubda hər sahədə işlər yüksək səviyyədə qurulub. Son 5 ildə “Neftçi” ölkənin heç bir klubunun qazanmadığı uğurlara nail olub. Hazırda “Neftçi” Avropa Klublar Assosiasiyasının tam hüquqlu üzvüdür. Bu bir daha onu göstərir ki, Avropa bizi qəbul edir, işlər dünya standartları səviyyəsindədir. Məncə, “Neftçi”nin strukturunda dəyişikliyə lüzum yoxdur”. Belə... “Neftçi”nin sabiq rəsmisinin fikirlərindən hər şey aydındır. Həqiqətən də indi flaqmanın strukturunda dəyişiklik etmək sadəcə, sadəlövhlük olardı. Cənab Çingiz Abdullayev və “Neftçi”də hər şeyi dağıdıb yeni struktur qurmaq istəyənlər, bəlkə dəyişikliyə özünüzdən başlayasınız. Çox hörmətli görkəmli yazıçımız,Siz isə futbol biliklərinizi artırın, jurnalistlərlə ünsiyyət zamanı sözlərinizə diqqət yetirin. Əks halda, tezliklə haqqınızda lətifələr yazılacaq, gülüş ustasına çevriləcəksiniz. O ki qaldı struktur dəyişikliyinə, qoy bu barədə futboldan anlayışı olanlar danışsın. Axı sizin ədəbiyyat sahəsində daha ciddi planlarınız var...

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti