Komandasını ölkə kubokunun finalına çıxaran Qurban Qurbanov “Simurq”la oyundan sonra bir etirafda bulundu: “Futbolçularda psixoloji, fiziki yorğunluq var”. Təcrübəli mütəxəssisin bu açıqlaması düşünmək üçün mövzu verdi – “Qarabağ”ın gücü niyə tükənir?
Müasir futbol o qədər həssas yanaşma tələb eləyir ki, bu gün Karlo Ançelottinin “Real”da 35-ə yaxın köməkçisinin (məşqçilər, həkimlər, fizioterapevtlər və digərləri) olduğunu desək, kifayətdir. Futbol çox dəyişib, indi az qala hər futbolçuyla individual şəkildə işləmək, hər birini oyuna qədər həm fiziki, həm də psixoloji hazırlamaq gərəkir. Həftəlik məşq tsikli elə qurulmalıdır ki, futbolçular oyunda yorğun deyil, gümrah olsunlar. Bunun üçün də, müasir futbolda ağır fiziki təmrinləri daha çox fitnes əvəzləyir. Uşaqlara “pilləkən” (pilləkənləri qalxmaq) tapşırığı vermək, futbolçuları günlərlə “kross” qaçırmaq dövrü artıq çoxdan keçib. Bəlkə buna görədir ki, yaşlı məşqçilər gənclərin iş metodikasını anlamır və bütün problemlərin həllini gündə 5-6 saat məşq etməkdə görürlər.
Bu gün dünyada ən çox müzakirə mövzusu olan məsələlərdən biri də futbolçuların mövsüm ərzində orta hesabla nə qədər oyun keçirməsinin doğru olmasıya bağlıdır. Bu sualın əsas müzakirə obyekti isə İngiltərə Premyer Liqasıdır. Dünyanın ən baxımlı, ən sürətli çempionatının komandaları son illər beynəlxalq arenalardakı rəqabətdə uduzurlar. Bu mövsümün ÇL mübarizəsində isə İngiltərə klubları heç 1/4 finala belə gəlib çıxa bilmədilər. İngiltərənin adlı-sanlı məşqçiləri bunu oyun sayı ilə əlaqələndirirlər və tələb edirlər ki, oyunların sayı azaldılsın.
Avroliqada “Everton” üzərində parlaq qələbə qazanmış Kiyev “Dinamo”sunun baş məşqçisi Sergey Rebrov da maraqlı açıqlamayla diqqət çəkib. O, qeyd edib ki, həftədə iki oyun keçirmək “Dinamo” üçün çox çətin başa gəlir. Görünən odur ki, bu gün “Qarabağ” da eyni problemi yaşayır. Mövsümün birinci hissəsində 30-a yaxın oyun keçirən (yarısı Avropa klubları ilə) “Qarabağ” çox yaxşı nəzərə çarpırdı. Hətta bir Azərbaycan klubunun belə tonusda olması kənardan maraqlı görüntüydü. Lakin çempionat sona yaxınlaşdıqca, artıq futbolçularda mövsümün yorğunluğu özünü açıq-aşkar göstərməyə başlayıb. Mövsümün birinci hissəsində “Zalsburq”lu, “Sent-Etyen”li müdafiəçiləri bir-birinə qatan Reynaldo heç cür formasını bərpa eləyə bilmir, Çumbinyo hələ də sıraya qayıtmayıb. Qara Qarayev, Vüqar Nadirov və başqalarında da geriləmə hiss olunur. Yerli futbolçuların həm də millinin özəyini təşkil etməsini də qeyd eləməliyik ki, yığmanın toplanışında iştirak ediblər və Maltayla oyunda da onların üzərinə böyük yük düşüb.
Nəticə baxımından “Qarabağ”da hər şey qaydasındadır. Çempionluğa doğru irəliləyən Qurban Qurbanovun komandası eyni zamanda ölkə kubokunu qazanmağa da yaxındır. Ancaq futbolçularda bir yorğunluq var. Çünki bu qədər yüklənərək bütün mövsümü eyni tempdə keçirmək nadir hallarda mümkün olur. Bəlkə Çumbinyo zədələnməsə, Reynaldo formadan düşməsəydi, haradasa səviyyəni saxlamaq olardı.
Mövsümü titul və ya titullarla başa vurmaq üçün futbolçular xarakter göstərməlidirlər, ruslar demişkən, “çerez ne moqu” mübarizə aparıb, mövsümü yüksək notlarla bitirməyə çalışmalıdırlar.
Görünən odur ki, indiki durumu yaxşı analiz eləyən Qurban Qurbanov artıq Avrokuboklar üçün planlarını cızıb. O vaxta qədər yeni transfer Dani Quintananı hazır vəziyyətə gətirməyə çalışan mütəxəssis böyük ehtimalla, bir neçə transferlə güclənməyi də hədəfə alıb.
Emin ABBASOV