YAZI Heyf, yaxşı futbolçular idi

16:52 23 Aprel 2015

Onların möhtəşəm karyerasındakı boşluğu nəzərdən qaçırmayın!

 

Ötən saylarımızda futbolla vidalaşan alman futbolçular haqda yazı dərc etmişdik. Bu dəfə ingilisləri «yola salacağıq». O ingilisləri ki, bəzilərini ağlımız kəsəndən yaşıl meydanlarda görmüşük. Futbol zövqünü onların oyunlarından almışıq. Onların gedişini məyusluqla qəbul edəcəyik. Amma bir məqam var ki, onu qəbul etmək çox çətindi. Bu futbolçuların hamısını bir uğursuz məqam birləşdirir.: onların milli komandayla heç bir ciddi uğuru olmadı...

 

Devid Bekhem

Yaşı: 38
Mövqeyi: yarımmüdafiəçi
Klub karyerası: Mançester Yunayted, Preston, Real (İspaniya), Los-Anceles Qalaksi (ABŞ), Milan (İtaliya), PSJ (Fransa)
Titulları: İngiltərə çempionu - 6 (1995/96; 1996/97; 1998/99; 1999/2000; 2000/01; 2002/03); İngiltərə kubokunun qalibi - 2 (1995/96; 1998/99); İngiltərə superkubokunun qalibi - 2 (1996; 1997); Çempionlar Liqasının qalibi - 1 (1998/99); Qitələrarası kubokun qalibi - 1 (1999); İspaniya superkubokunun qalibi - 1 (2003); İspaniya çempionu - 1 (2006/07); MLS kubokunun qalibi - 2 (2011; 2012); Fransa çempionu - 1 (2012/13)

Devid haqda yazanda adam hardan başlayacağını bilmir. Bilmirsən, onun futbolçu həyatından yazasan, yoxsa şəxsi həyatından. Bilinən bir şey var: o, əməksevərliyinə və öz alın təriylə qazandığı hörmətə görə nümunəvi insandı. O, həm yaxşı futbolçu, həm yaxşı ailə başçısı oldu...
Yadımdadı, Bekhem karyerasında ilk addımlarını atanda çoxları onu sevmirdi. Hərənin də bir səbəbi vardı. Mətbuatda yazılanlardan belə qənaətə gəlmək olardı ki, Devid meydana sadəcə qızların diqqətini cəlb etmək üçün çıxır. Özünü «köhnə kişilər»dən sayan bəzi britaniyalılar gənc futbolçunun qız kimi gündə bir saç düzümü etməsini, müğənniylə (Viktoriya Adams «Spice Girls» qrupunun üzvü idi) ailə qurmasını qəbul edə bilmirdi. Bəziləri Beksin DÇ-98-də Argentinayla oyunda aldığı qırmızı vərəqəyə görə ondan üz döndərmişdi. Bir çoxları hələ də fikirləşir ki, həmin mundial ingilislər üçün böyük turnirdə nəsə qazanmaq üçün hələlik son şans olub. Bir qism insanlarda Devidin meydanda qapı qarşısına ötürmə etməkdən və cərimə zərbəsi vurmaqdan başqa heç nə bacarmadığı təsəvvürü yaranmışdı. Amma...
Bekhem çalışqanlığı və peşəkarlığıyla özü haqda olan mənfi fikirləri dəyişə bildi. İndi yəqin ki, Devidin futboldan gedişinə «heyf, yaxşı futbolçuydu» deyirlər. Əlbəttə, ingilis futbolçunu çox şeydə günahlandırmaq olar. Hərçənd, bu həqiqətdi ki, o, həmişə sonadək mübarizə aparıb. «Mançester Yunayted»dəki son mövsümünü xatırlayın: paltardəyişmə otağında yerdə gəzməli olan yox, göydə uçan butslar və «Real»la Çempionlar Liqası matçında ehtiyat oyunçular skamyası... Bekhem meydana 63-cü dəqiqədə, komandası 2:3 (ümumi hesabda 3:6) hesabıyla geridə olarkən daxil oldu. Ondakı əzmkarlığa baxın ki, son yarım saatda «Real» kimi komandanın qapısına iki qol vurdu və həmin oyunda MY-yə qələbə qazandırdı.
Daha sonra «Real»a yollandı. Madridlilərin böhranlı günlərində Devidin həmişə meydanda sonadək mübarizə apardığı sezilirdi. Hətta hansı mövqedə problem olurdusa, oranı «Beks»ə tapşırırdılar. ABŞ-a gedəndə çoxları onun yalnız pula görə bu addımı atdığını düşündü. Amma görünən odu ki, Bekhemin gedişindən sonra MLS-ə maraq çox böyüdü. Ora futbolçu axını da hissolunacaq dərəcədə artdı. Bir sözlə, çempionatın səviyyəsi yüksəldi. Aradabir Avropaya da yolu düşən Devidin «Milan»a köməyi dəydi. İkinci səfər zamanı isə zədə onu haqladı. Zəhmətkeş insan nümunəsinin futbolçu karyerası məhz belə keçib. Qısaca nəzər saldıq və bir insanın özünü təsdiqləməsi üçün sadəcə çalışmalı olduğunu gördük. Bekhem həqiqətən nümunəvi insandı. Dörd uşaq atası, xeyirxah insan, müəllim və artıq sabiq futbolçudu. Təəssüf etməyə dəyər. Təəssüf ki, onu, onun «firmenni» cərimə zərbələrini bir daha yaşıl meydanlarda görə bilməyəcəyik.

 

Pol Skoulz
Yaşı: 38
Mövqeyi: yarımmüdafiəçi
Klub karyerası: Mançester Yunayted
Titulları: İngiltərə çempionu - 11 (1995/96; 1996/97; 1998/99; 1999/2000; 2000/01; 2002/03; 2006/07; 2007/08; 2008/09; 2010/11; 2012/13); İngiltərə kubokunun qalibi - 3 (1995/96; 1998/99; 2003/04); İngiltərə superkubokunun qalibi - 5 (1996; 1997; 2003; 2008; 2010); Çempionlar Liqasının qalibi - 2 (1998/99; 2007/08); Qitələrarası kubokun qalibi - 1 (1999); Klublararası dünya çempionu - 1 (2008); Liqa kubokunun qalibi - 2 (2008/09; 2009/10)

Skoulz karyerasını iki dəfə başa vuran nadir futbolçulardan oldu. Tarixə belə düşmək də hər adama nəsib olmur. İlk dəfə o, 2010/11 mövsümündə belə qərara gəldi. Amma yarım ildən sonra Pol yenə «Mançester Yunayted»in formasında yaşıl meydanda göründü (yeri gəlmişkən, məhz bu üzdən sonradan Pol Poqba MY-ni tərk etdi. İngilis gənc futbolçu «Yuventus»da əsas heyət üzvüdü). Ötən mövsümün sonunda «Sarışın şahzadə» bir daha butslarını mismardan asdığını bəyan etdi. Və deyəsən, budəfəki qərar qətidi. Mançesterdə möhtəşəm era sona çatmaq üzrədi. Ser Aleks Ferqyuson getdi, Skoulz getdi. Bircə Rayan Giqqz qalıb.
Skoulzu tərəddüd etmədən futbol dünyasının canlı əfsanəsi adlandırmaq olar. O, fenomenal uğurlara nail olub. Özü də bir klubda. Məsələn, o, 11 qat İngiltərə çempionudu. Amma təkcə titullara görə onun istedadına qiymət vermək az olardı. Zarafat deyil, Pol heyrətamiz «Mançester Yunayted»in «düşünən beyni» olub. Onun oynadığı dövrdə ser Aleks kifayət qədər məşhur və istedadlı xavbeklər alıb: Xuan Sebastyan Veron, Anderson, Ouen Harqrivz, Maykl Karrik, akademiyadan Darren Fletçer, Tom Kleverli, Darron Gibson. Amma bütün bunlar Skoulzun komandanın lideri olmasına maneə yaratmayıb. Başqa sözlə, onların heç biri Skoulzu əsas heyətdən sıxışdıra bilmədi. Bəlkə də Ferqyuson getməsəydi, «Sarışın şahzadə» daha bir mövsüm özünü sınayardı. Belə də ki, Skoulz ən doğru vaxtda təqaüdə çıxdı. Qoy Devid Moyes rahatca öz «Mançester Yunayted»ini formalaşdırsın.

 

Ceyms Karrager
Yaşı: 35
Mövqeyi: müdafiəçi
Klub karyerası: Liverpul
Titulları: İngiltərə kubokunun qalibi - 2 (2000/01; 2005/06); İngiltərə Liqa kubokunun qalibi - 3 (2000/01; 2002/03; 2011/12); UEFA Kubokunun qalibi - 1 (2000/01); UEFA superkubokunun qalibi - 2 (2001; 2005); İngiltərə superkubokunun qalibi - 2 (2001; 2006); Çempionlar Liqası - 1 (2004/05)

İllər ötdükcə futbol aləmində karyerasını bir kluba həsr edən oyunçuların sayı azalır. Elə bu yazıda Pol Skoulzdan sonra ikinci sadiq futbolçunu sizə təqdim edirik. Ceyms Karrager Bekhem və Skoulz qədər populyar və ya dahi futbolçu olmasa da, «Liverpul» azarkeşləri üçün böyük şəxs olub. Bunu başa düşmək çətin deyil. «Dəmir Karra» bütün karyerasını «qırmızı rəngə boyayıb». Peşəkar səviyyədə 17, yeniyetmə dövrünü də nəzərə alsaq, 23 il mersisaydlıların şərəfini qoruyan Cimmi uşaqlıqda «Everton»a rəğbət bəsləyib. O, dahi müdafiəçi olmasa da, məşqçilər həmişə ona etimad göstərib. Yəni o, həmişə etimadı doğruldub. Meydanda sonadək vuruşub və əlindən gələni əsirgəməyib. Bəlkə də bu zəhmətkeşliyi sayəsində onun karyerasına «uğurlu» təyinini qoşmaq olar.
Bir faktı da qeyd edək ki, Karrager universal müdafiəçi olub. O həm müdafiənin mərkəzində, həm də cinahlarda eyni səviyyədə oynayıb. Hətta bir neçə dəfə dayaq yarımmüdafiəçisi kimi də meydanda mübarizə aparıb. Onun karyerası titul sarıdan da korluq çəkməyib. Karra hər şeyi qazanıb, təkcə İngiltərə çempionu ola bilməyib. Onun üçün ən yaddaqalan mövsüm 2004/05 mövsümü olub. Rafael Benites müdafiənin mərkəzini Karragerə tapşırdı. O vaxt Hyuyupya ilə əla tandem yaranmışdı. Axırı necə oldu? «Liverpul» fantastik «kambek»lə Çempionlar Liqasının qalibi oldu. Karrager isə mövsümün yekunlarına görə komandanın ən yaxşı oyunçusu seçildi. Sonda onu da deyək ki, sabiq müdafiəçi mersisaydlıların heyətində bütün turnirləri nəzərə almaqla 700-dən çox oyun keçirib.

 

Maykl Ouen
Yaşı: 33
Mövqeyi: hücumçu
Klubu: Liverpul; Real (İspaniya); Nyukasl; Mançester Yunayted; Stok Siti.
Titulları: İngiltərə kubokunun qalibi - 1 (2000/01); İngiltərə Liqa kubokunun qalibi - 3 (2000/01; 2002/03; 2009/10); İngiltərə superkubokunun qalibi - 2 (2001; 2010); UEFA Kubokunun qalibi - 1 (2000/01); UEFA superkubokunun qalibi - 1 (2001); İngiltərə çempionu - 1 (2010/11).
Maykl Ouen də Karrager kimi «Liverpul»un əfsanəsi ola bilərdi. O, ümumiyyətlə, futbolda daha çox şeyə nail ola bilərdi. Ən azı buna potensialı var idi. İngiltərənin «Qızıl oğlan»ı «Liverpul»da 17 yaşında debüt edib və dərhal da qol vurub. Bir ildən sonra isə İngiltərə millisinin heyətində dünya çempionatına yollanmışdı. Buna kimi o, 1997/98 mövsümünün yekunlarına görə ölkəsində ilin idmançısı seçilmişdi. Həmin il çempionatda 23 qol vuran Ouen növbəti mövsümdə eyni nəticəylə Premyer-Liqanın bombardiri oldu. Bütün bunlar onun 20 yaşına kimi baş verib. Təbii ki, həmin dövrdə Mayklın adı dillərdən düşmür, hər kəs onun böyük gələcəyindən danışırdı.
2001-ci ildə «Liverpul» UEFA kubokunu, Avropa superkubokunu, İngiltərədə də bir neçə kuboku muzeyinə daşıdı. Ouen isə «qızıl top»a layiq görüldü. Bundan sonra o, yenə də qollarını sıralamaqda davam edirdi. Amma 2004-cü ildə «küləyin istiqaməti» dəyişdi. Lakin birdən-birə yox, yavaş-yavaş. Doğma klubunu tərk edən «Qızıl oğlan» Madridə yollandı. Amma burda Raulla Ronaldonun oyununu ehtiyat oyunçular skamyasından, «Liverpul»un Çempionlar Liqasındakı qələbəsini isə televizordan izləmək məcburiyyətində qaldı. İtirilmiş bir ildən sonra onun yenidən doğma klubuna qayıtmaq variantı var idi. Ancaq «Real»ın ona qoyduğu yüksək transfer qiyməti liverpulluları geri çəkilməyə vadar etdi. Əvəzində «Nyukasl» ona sahib çıxdı. Amma ora gələndə əvvəlki Ouendən əsər-əlamət qalmamışdı. Forvard bir də «Mançester Yunayted»ə qoşulandan sonra bir balaca əvvəlki Oueni xatırlatdı. Onun Mançester derbisində son dəqiqələrdə vurduğu qol uzun müddət yaddaşlarda qalacaq. Ümumilikdə, burda Maykl pis təsir bağışlamadı. Amma əsas heyət oyunçusu ola bilmədi. «Old Trafford»da daha bir mövsümü meydanda görünmədən keçirən Ouen, karyerasını «Stok Sti»də başa vurdu. Bu komandanın heyətində Premyer-Liqada cəmi 8 oyun keçirməklə. Burda deyiblər, kiminin əvvəli, kiminin axırı..

"Komanda" qəzeti, 2013-cü il


Digər xəbərlər

Xəbər xətti