"Bu matça bütün oyunlarda olduğumuz ruhda hazırlaşırıq. Əlbəttə ki, çətin oyun olacaq. Amma biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
SportArena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin müdafiəçisi Rafael Santos klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın 31-ci turunda qarşılaşacaqları "Xəzər Lənkəran"la oyun haqda danışarkən deyib.
Ardıcıl 7 oyunda qələbə qazanan "Qəbələ"nin braziliyalı futbolçusu qarşıdakı oyuna da 3 xal üçün çıxacaqlarını bildirib: "Hər oyuna 3 xal üçün çıxırıq. “Xəzər Lənkəran”la qarşılaşmada da belə olacaq. Biz seriya haqda fikirləşmirik. Vacib olan qələbə qazanıb, 3 xalımızı əldə etməkdir. Bütün fikrimizi oyunlarımıza və qələbə qazanmağımıza yönəldirik. Biz mükafatlar uğrunda sonadək mübarizə aparacağıq. Medalçılar sırasına düşmək şanslarımız var. İstəyimizə çatmaq üçün əzmkarlıqla mübarizə aparmalıyıq”.
Qeyd edək ki, braziliyalı legioner “Qəbələ”nin heyətində 46 oyun keçirib. Bunların 38-i Premyer Liqa, 6-sı kubok, 2-si Avropa Liqasına təsadüf edib.