Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları da eyni gündə - aprelin 25-də keçiriləcək. Əslində, kubokun yarımfinal görüşlərindən sonra Azərbaycan futbolunda əsas suala aydınlıq gəldi. Bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar de-fakto bəllidi. Təbii ki, bu amil çempionata olan-qalan marağı da azaltdı.
Qalib gəlməlidi ki...
"Qarabağ"ın çempionluğu demək olar ki, təmin etdiyini nəzərə alsaq, bundan sonra yalnız gümüş və bürünc uğrunda mübarizə müəyyən maraq kəsb edə bilər. Ancaq "İnter"in durumu nə qədər qeyri-müəyyən olsa da, "bankirlər"in gümüşü əldən verəcəyi inandırıcı deyil. Qalır bürünc uğrunda mübarizə ki, bunun üçün də "Qəbələ" və "Neftçi" vuruşur. Ötən tur bürünc mübarizəsində elə əsas rəqibdən - "Qəbələ"dən sarsıdıcı zərbə alan "Neftçi" bu dəfə "Qarabağ"ın şapalağına tuş gələ bilər.
Sözsüz ki, turun ən prinsipial qarşılaşması "Qarabağ" - "Neftçi" oyunudu. Bu qarşılaşma turnir cədvəli baxımından əhəmiyyətsiz olanda belə, prinsipiallığını qorumalıdı. "Neftçi" rəhbərliyi zaman-zaman "Qarabağ"ın uğurlarına kölgə salan açıqlamalar verib, "köhlən atlar"ın qalibiyyətini həzm edə bilməyib. Elə buna görə də, "Qarabağ" bu oyunda mütləq qalib gəlməlidi. Qalib gəlməlidi ki, oyun planında "Neftçi"nin onunla rəqabət apara biləcək gücdə olmadığını sübut etsin. Üstəlik, bu oyunda qələbə qazanılsa, "Qarabağ"ın çempionluğuna fələk də mane ola bilməyəcək. "Neftçi" kubokun finalına adlasa da, "İnter"lə yarımfinalın cavab qarşılaşması komandada ciddi problemlərin olduğunu göstərdi. Xüsusən də, "Neftçi"nin müdafiə xətti olduqca bərbad təsir bağışladı. "Qarabağ"ın hücum potensialı bu müdafiəni yarmaqda çətinlik çəkməməlidi.
Statistika nə deyir?
Azərbaycan çempionatlarında ən çox qarşılaşan komandalar 60-cı dəfə görüşəcək. Yubiley oyunu öncəsi üstünlüyə malik "Qarabağ" qalib gəlsə, 20-ci qələbəsini qazanacaq. "Neftçi" son 7 qarşılaşmada rəqibini məğlub edə bilməyib.
Qarabağ - Neftçi: 59 oyun, 19 qələbə, 23 heç-heçə, 17 məğlubiyyət, top fərqi 56:55.
"Qəbələ" cənubdan xalla qayıtmaq istəyirsə...
"Qəbələ" isə məhz bu qarşılaşmadan yararlanmalıdı. Roman Qriqorçukun yetirmələrini "Xəzər Lənkəran"la oyun gözləyir. İlk baxışdan "Qəbələ"nin işinin asan olacağını düşünmək olar. Amma yalnız ilk baxışdan... Unutmayaq ki, qarşılaşma "fırtınalar meydanı"nda baş tutacaq. Cənublu gənclərin Lənkəranda "Neftçi"nin başına hansı oyunu açdığını unutmusuz? Qriqorçuk bunu unudubsa, "Qəbələ"ni yaxşı aqibət gözləmir. Ardıcıl 7 oyunda qazanılan qələbə futbolçuları arxayınlaşdırsa, "Xəzər Lənkəran"ın gəncləri "Qəbələ"yə də dərs keçəcək. Roman Qriqorçukun yetirmələri cənubdan xalla qayıtmaq istəyirlərsə, "fırtınalar meydanı"nda bütün qüvvəsini qoymalıdı.
"Gəmiçilər" "Qəbələ"ni məğlub etməklə və ya xal almaqla əzəli rəqibi "Neftçi"yə də kömək etmiş olar. Bəli, bu faktdı ki, "Neftçi" bu tur "Xəzər Lənkəran"ın köməyinə möhtacdı.
Statistika nə deyir?
Əyalət klublarının son 5 oyununda "Xəzər Lənkəran" meydanı qolsuz tərk etməyib. "Qəbələ" ardıcıl 3 səfər oyununda qol vura bilməyib.
Xəzər Lənkəran - Qəbələ: 25 oyun, 13 qələbə, 6 heç-heçə, 6 məğlubiyyət, top fərqi 36:23.
İkisi də eyni durumda
Kubokun yarımfinalında mübarizəni dayandıran "İnter" acığını AZAL-dan çıxa bilər. "Təyyarəçilər" çoxdan qəza vəziyyətinə düşərək, bütün iddialarını itiriblər. Amma "İnter"də də durum sabit deyil. Üç aydı ki, futbolçuların məvaciblərinin verilmədiyi deyilir. Qeyri-sabit mühitdə isə futbolçuları oyuna kökləmək çox çətindi. Məşqçi yol üstündə, rəhbərlikdə qeyri-müəyyənlik, maliyyə problemi də bir tərəfdən. Belə durumda "İnter"in futbolçularını meydanda mübarizəyə sövq etmək ağırdı. Əsas hədəfə çatandan, avrokuboklara vəsiqə təmin olunandan sonra pulunu ala bilməyən futbolçu oynamaq həvəsində olmaz. Bir sözlə, eyni durumda olan iki komandanın qarşılaşması gözlənilir. "İnter"in də, AZAL-ın da futbolçularını oynamağa məcbur etmək üçün meydanın kənarında əli şallaqlı şəxslər də yerləşdirmək lazımdı. Bəlkə şallaq qorxusu onları hərəkətə gətirə bildi...
Statistika nə deyir?
Ardıcıl 6 oyunda "İnter" məğlub olmayıb. AZAL son 7 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib.
İnter - AZAL: 25 oyun, 8 qələbə, 12 heç-heçə, 5 məğlubiyyət, top fərqi 22:20.
"Simurq" Sumqayıta nəyə gəlir?
Turun ən mənasız oyunu Sumqayıtda keçiriləcək. Kubokun yarımfinalında mübarizəni dayandıran "Simurq"un Sumqayıta nəyə görə gəldiyini yəqin ki, heç klub rəhbərliyi də bilmir. Bəs nə vaxt qələbə qazandığı AFFA-nın baş katibi Elxan Məmmədovun da yadından çıxan "Sumqayıt" meydana hansı məqsədlə çıxacaq? Bəlkə autsayderin futbolçuları özlərini millinin baş məqşqçisi Robert Prosineçkiyə göstərmək istəyirlər? Yox, Prosineçki milliyə futbolçuları meydanda sərgilənən oyuna görə dəvət etmir axı... Bütün hallarda, qələbə qazanmaq üçün "Sumqayıt"ın motivasiya tapması daha asandı, nəinki "Simurq"un. Baş katibin komandası psixoloji cəhətdən sınmış "Simurq"a qalib gəlməklə, uzunmüddətli lənətdən qurtula bilər. Qələbəsizlik lənətindən.
Statistika nə deyir?
Son 4 matçda hər iki komanda qol sevinci yaşayıb. Zaqatala təmsilçisi bütün qarşılaşmalarda rəqib qapısına yol tapıb.
Sumqayıt - Simurq: 13 oyun, 1 qələbə, 2 heç-heçə, 10 məğlubiyyət, top fərqi 9:22. Komanda.az