Futbol üzrə Azərbaycan Birinci Divizionunun son turunda “Neftçala” komandası güclü rəqiblərindən olan “Rəvan” üzərində qələbə qazandı. Belə ki, Premyer Liqaya çıxmaq üçün mühüm olan 3 xalı qazanan əyalət komandası maraqlı və gərgin oyunu ilə də yadda qaldı.
SportArena.az olaraq, "Neftçala"nın direktoru Ramin İsmayılovla əlaqə saxlayıb, son oyun və ümumi olaraq, “Neftçala”nın planları haqqında danışdıq:
“Rəvan”la oyunumuz çox gərgin və maraqlı keçdi. Çempionluğu qazanmaq üçün bu oyundakı qələbə hər iki komandaya çox vacib idi. Bunun nəticəsi olaraq, “Neftçala”nın hər bir üzvü meydançanın hər qarışı uğrunda mübarizə aparırdı. Çox şadam ki, uşaqlar qələbə qazanaraq, bir daha güclü olduğumu hər kəsə sübut etdi. Oyuna maraq da böyük idi. Matçın fotolarına baxsaq, orada klub prezidenti Famil Səfiyevlə yanaşı komandanın digər vəzifəli şəxləri də var idi və sona qədər də komandamızın yanında olaraq, onlara dəstək verdik. “Rəvan” klubu da çox güclü rəqiblərdəndir. Bizim “Rəvan”la hər zaman dost münasibətimiz olub və bu həmişə də belə olacaq. Bəzi insanar bu münasibəti pis tərəfə yozmaq istəyirsə, bu onların öz problemidir. Oyun bitəndən sonra da, futbolçular və klub rəsmiləri bir-biri ilə görüşüb ayrıldılar”.
Klub rəsmisi daha sonra “Neftçala”nın qarşıdakı planları haqqında da danışıb:
“Bizim işimiz tək çempionatı oynamaq üçün komanda formalaşdırmaqla bitmir. İnşallah, Premyer Liqada mübarizə aparmaq üçün Neftçalada stadion işlərinə diqqət ayırmışıq. Bunun üçün də işlər davam edir. Eyni zamanda adıçəkilən rayonda uşaq futbolunun inkişaf üçün planlarımız var. İşlərimiz belə uğurlu davam edərsə, növbəti mövsümdən daha da güclü “Neftçala” görəcəksiz”.
“Rəvan”la oyunda klub prezidenti Famil Səfiyevlə yanaşı Türkiyədən gəlmiş menecer də diqqətdən qaçmadı. Belə ki, Türkiyənin tanınmış futbolçuları ilə işləyən Berkant Karlıdağın “Neftçala” rəhbərliyi ilə münasibətinin haradan qaynağlandığına klubun direktoru Ramin bəy belə münasibət bildirdi:
“Biz təlim-məşq toplanışında olarkən Berkant bəylə tanış olmuşuq. O özü “Rəvan”la matça maraq göstərdi və Bakıya qonaq gəldi. Qarşıdakı illərdə komandamıza futbolçu gətirməkdə və ya öz klubumuzun yetirmələrini onun vasitəsi ilə güclü klublara da göndərə bilərik. Yəni ki, hər şey mümkündür”.
Cavid ƏHMƏDOĞLU