"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev paytaxt klubunun ən aktual problemlərindən birinin həllinə çalışır.
SportArena.az xəbər verir ki, 56 yaşlı yazıçı cəmi bir ay öncə klubun başına keçsə də, komanda üçün yeni stadion və baza tikdirmək arzusuna düşüb.
Hazırda Abdullayev SOCAR rəhbərliyi ilə bu barədə danışıqlar aparır. Belə ki, Müşahidə Şurasının sədri İsmət Qayıbov adına stadionun "Neftçi"yə verilməsini istəyir. Bakıxanov qəsəbəsində yerləşən bu stadion hazırda "Neftçi" İK-ya məxsusdur. Hansı ki, həmin kluba da "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvlərindən biri olan Sadıq Sadıqov rəhbərlik edir.
Maraq üçün xatırladaq ki, İsmət Qayıbov adına stadionda eyni zamanda baza yaratmaq ideyası hələ Sadıq Sadıqov "Neftçi" PFK-nın prezidenti olarkən də səsləndirilmişdi. Lakin bu yöndə konkret addımlar atılmamışdı. Lakin əldə etdiyimiz məlumata görə, Abdullayev klub bazasındakı şəraitdən çox narazıdır və o, daha müasir bazanın yaradılmasında israrlıdır. Sədr daha rahat otel və bir neçə məşq meydançasının olmasını istəyir.
"Neftçi" Bakıxanov qəsəbə stadionuna köçməli olsa, ev oyunlarını da orada keçirməli olacaq. Belədə, paytaxt klubu "Bakcell Arena"dan da imtina edəcək. Lakin İsmət Qayıbov adına stadiona köçmək elə də tez alınmayacaq. Çünki burada rəhbərliyin istədiyi şəraitin yaradılması üçün zamana ehtiyac var. azerisport.az