"Turan"da oynadığım vaxtlar klubun 2 "İkarus"u var idi. Həm "Turan", həm də "Turan-2" səfər oyunlarına, məşqlərə bu avtobuslarla gedib-gəlirdi. "İkarus"lardan biri təzə idi. Salonda futbolçuların yolçuluq etmələri üçün hər bir şərait, komfort var idi. Bu avtobus əsas komandaya xidmət göstərirdi. O biri "İkarus" da pis deyildi. Əsas komandadan qalmışdı. Vidadi Əhmədov təzəsini alanda köhnəni 2-ci komandaya vermişdi. Düzdür, bir qədər şəraitsiz idi. Amma LAZ-a, PAZ-a baxanda şükürlüydü. Bir dəfə Naftalana oyuna gedirdik. Yerli "Naftalan"la görüşəcəkdik. "Köhnə"miz xarab olmuşdu. Məcburiyyətdən Naftalana "təzə" ilə gedəsi olduq. Özümüzü əsl futbolçu kimi hiss edirdik...
...
Vidadi Rzayev "Turan"ın çempionluq ilində komandanın əsas oyunçularından biri idi. "Turan" deyəndə, ümumiyyətlə, Azərbaycanda ən güclülərdən biri hesab olunurdu. Hesab olunurdu deyəndə, doğrudan da ən güclülərdən biri idi. Özünə təzə buts almışdı. Köhnəni də bizə vermişdi. Könhə deyəndə, o vaxta kimi komandada elə buts geyən futbolçu rastıma çıxmamıdı. Gördüyümüz Kiyev istehsalı olan "Stadion"lar idi. Bizə deyəndə, əvvəl mən geyindim. Ayağımı bir qədər sıxdı. "Fiti"yə qismət oldu. "Fiti" deyəndə, komanda və sinif yoldaşım Vüqar Fərhadovu nəzərdə tuturam. Həmin gün "Fiti" dünyanın ən xoşbəxt adamı idi. Bəs necə, Vidadi Rzayevin butsu ilə oynayacaqdı... Özünü əsl futbolçu kimi hiss edirdi...
...
1994-cü ilin əvvəlləri idi. Əsas komandaya təzə forma almışdılar. Köhnə formanı isə bizə vermişdilər - "Turan-2"ə. İndi o cür formalardan "vosmoy"un bazarında 10-15 manata almaq mümkündü. Amma o vaxt... Elə formanı geyinmək bir yana, əldə tutmaq hər adama qismət olmurdu. Futbolkaların üzərində bəzəklər var idi. Əntiqə idi. Özümüzü əsl futbolçu kimi hiss edirdik...
...
Bayaq "Naftalan"ın adını çəkdim. Naftalan stadionu bizimlə oyuna "xüsusi" hazırlaşmışdı. Torpaq stadionu buldozerlə düzləmişdilər. Meydandakı xətlər ilə əhəng topalarından idi. Son vaxtlar elə stadionda oyun keçirildiyinin şahidi olmamışam. Amma nə olsun. Tribunasız stadionda meydanın kənarında yüzlərlə azarkeş var idi. Yan xəttin bir addımlığında basabas salıb oyuna baxırdılar. Hərdən "arxadan itələnmə" nəticəsində meydana daxil olanlar da tapılırdı. Oyundan sonra üz-gözümüz tərlə-tozun qarışığından əmələ gəlmiş adını bilmədiyim maddə ilə örtülmüşdü. Yuyunmağa soyuq su belə yox idi. Tovuza qayıdanda yol qırağındakı arxın suyu ilə özümüzü abıra saldıq. Meydan bərbad idi, su yox idi, şəraitdən söhbət gedə bilməzdi. Amma həvəs, maraq, ən əsası da azarkeş var idi. İngiltərədə olduğu kimi azarkeşlərlə futbolçuları bir addım ayırırdı. Qısası, özümüzü əsl futbolçu kimi hiss edirdik...
...
Düz 20 il əvvəl 1-ci dəstədə "Naxçıvan"ın heyətində səfər oyununa yollanmışdıq. Xatırlamıram hansı rayona gedirdik. Tək yadımda qalan yolun uzaq olması idi. Baş məşqçimiz, rəhmətlik Hüseyn İsmayılov xeyir-şərdə istifadə olunan böyük bir qazan götürmüşdü. Artıq xərc çıxmasın deyə, evdə yemək hazırlatmışdı. Təamın adı bilirsiniz nə idi? "Pirojki"! Düz, bir qazan "pirojki". Kim nə qədər istəsə.. yeyə bilməzdi. Sayla idi. Elə oldu ki, oyundan qayıdanda "pirojki" qurtardı... Rəhmətlik "raşot"u düzgün götürməmişdi. Bir dəfə də Qazaxdan geri dönəndə acından az qala birtəhər olacaqdıq. Rəhmətlik Yadigar Süleymanovun aldığı "bakuş"larla mədəmizi aldada bildik. Yaxşı yadımdadı, Qazaxdıkı oyuna azarkeşlər bilet alaraq gəlmişdilər. Aclığa, çətinliyə rəğmən azarkeş önündə oynadıqlarına görə uşaqlar özlərini əsl futbolçu kimi hiss edirdilər...
...
Yüksək dəstədə oynamaq qismətim olmayıb. Səbəb zədə. Buna baxmayaraq, oynadığım 2-3 ildə özümü əsl futbolçu kimi hiss etmişəm. Çünki heç vaxt boş tribunalar önündə meydana çıxmamışam. Heç olmasa, tribunaların yarısı azarkeşlərlə dolurdu. Özü də 1-ci dəstə oyunlarında. Həmin illərlə bağlı xatirələr çoxdur. Bir neçəsini yada saldım. Bilirsiniz niyə xatırladım? O vaxtlar Azərbaycan futbolunun "pirojki" dövrü idi. Amma futbola maraq var idi. Əksər komandalar şəraitsizlikdən əziyyət çəkirdilər. Amma futbola maraq var idi. Respublikada siyasi vəziyyət gərgin idi. Amma futbola maraq var idi. Müharibə şəraitində yaşayırdıq. Amma futbola maraq var idi. Futbolçular geyinməyə forma tapa bilmirdilər. Amma futbola maraq var idi. Pul yox idi. Amma futbola maraq var idi. Qısası, heç nə yox idi. Amma futbola maraq var idi. Bu marağın sayəsində özümüzü futbolçu kimi hiss edirdik...
Bu gün heç bir klub deməsin ki, maddi vəziyyəti çətindi. Onların indi sıradan bir futbolçuya ildə ödədikləri pulla 20 il əvvəl komanda saxlayırdılar. Bu gün futbolçular 5-10 manatlıq "vosmoy malı" geyinmirlər, buldozerlə düzənlənmiş, əhəng topaları ilə xətlənmiş meydanlarda oynamırlar, arx suyunda yuyunmurlar, "pirojki", "bakuş"la oyuna çıxmırlar... Bu gün futbol adına hər şey var. Pul da var. Sadəcə, əksər klublarımız onu düzgün xərcləyə bilmirlər, düzgün futbol siyasəti yoxdur. Futbolumuzun "pirojki" dövründə azarkeşlər önündə özümüzü futbolçu kimi hiss edirdik. Görəsən, bu gün boş tribunalar qarşısında oynayanlar necə, özlərini əsl futbolçu hesab edirlər?
İlqar TAĞIYEV
"Het-trik news" qəzeti