SORĞU Hansı veteran futbolçu haqqında kitab yazardınız?

12:45 29 Aprel 2015

Bir neçə gün əvvəl Beynəlxalq Mətbuat Mərkəzində Nazim Süleymanovun 50 illik yubileyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi. Jurnalist Varis Yolçuyevin ərsəyə gətirdiyi “Bitməyən matç" adlı kitabda veteran futbolçu haqqında maraqlı məlumatlar, statistik göstəricilər, futbol ictimaiyyəti nümayəndələrinin və futbol veteranlarının ürək sözləri, Nazim müəllimlə müsahibələr və digər maraqlı məlumatlar yer alıb. Futbolumuzda xüsusi çəkisi olan Nazim Süleymanov haqqında belə bir kitabın, özü də Azərbaycan və rus dillərində hazırlanmasını ancaq alqışlamaq lazımdır. Mərasimdə iştirak edənlərin əksəriyyətini futbol veteranları təşkil edirdi. Onların arasında indiyə kimi futbolumuza xeyir vermiş, Azərbaycanı ölkə xaricində tanıtmış futbol veteranları da var idi. Barmaqla sayılası qədər olan bu insanların hər biri haqlarında kitab yazılmağa layiqdi. Onların xatirələrini, statistik göstəricilərini və s.-ni əbədiləşdirməyi bacaran jurnalistlərimiz də az deyil.

 

“Hansı veteran futbolçu haqqında kitab yazardınız?" və “Hansı veteran futbolçu haqqında ümumiyyətlə, kitab yazmaqdan imtina edərdiniz?". Bu iki sualla idman jurnalistlikasında özünü sübut etmiş bir neçə qələm əhlinə müraciət etdik. Fikrini öyrəndiyimiz il şəxs jurnalistikada saç ağartmış təcrübəli həmkarımız, Rövşən Binnətli oldu. Rövşən müəllim böyük həvəslə ötən əsrin 80-ci illərində “Neftçi"nin şərəfini qorumuş “əfsanəvi üçlük" haqqında kitab yazmaq istədiyini bildirdi: “SSRİ dövründə “Neftçi"nin heyətində sərgilədiyi futbolla İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryov “üçlüy"ü ölkədə ən təhlükəlilərdən biri hesab edilirdi. Komandanan SSRİ birinciliyində vurduğu qolların demək olar ki, yarısından çoxu bu futbolçuların payına düşürdü. Hər üçünü dahi futbolçu hesab edirəm. Böyük həvəslə onların hər biri haqqında kitab hazırlayardım. Əlbəttə, imkan olsaydı". İkinci sualı cavablandırarkən Rövşən müəllim elə futbolçuların çox olduğunu söylədi. Amma konkret ad çəkmədi: “Hansısa komandanın formasını geyinmək o demək deyil ki, həmin futbolçunun futbolumuza hansısa xeyri dəyib. Azərbaycanda veteran futbolçular çox olsa da, haqqında kitab yazılmağa layiq olanları çox azdır. Suala qısaca olaraq belə cavab verərdim: futbolçu olmayanlar haqqında kitab yazmazdım".

 

"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli əvvəlcə Nazim Süleymanov haqqında kitabın nəşrini alqışladığını və belə təşəbbüslərin davamlı olmasını arzuladı. Konkret kimlər haqda kitab yaza biləcəyinə gəlincə, personası ona çox maraqlı görünən, fəaliyyətini ciddi şəkildə izlədiyi beş adamın adını çəkdi. Bunlar Fuad Musayev, Əhməd Ələsgərov, İqor Ponomaryov, İsgəndər Cavadov və Qurban Qurbanovdu: “Təbii ki, bu işdə ilk növbədə səbəbkar maraqlı olmalıdı. Düşünürəm ki, sifariş alsaydım, adını çəkdiklərimə həsr olunmuş sənədli-publisistik üslubda bir kitab ortaya qoyardım". Mahir müəllim Böyükağa Hacıyev haqqında kitab yazmaq istəmədiyni deyir. Onun fikrincə, Böyükağa müəllim yetərincə çətin adamdı, hərəkətlərində və açıqlamalarında ziddiyyət var və xarakterinin cizgilərini oxucuya açmaq çox çətin olardı. Rövşən Binnətli və Mahir Rüstəmli böyük məmnuniyyətlə İsgəndər Cavadov haqqında kitab yazmaq istədiklərini söylədilər.

 

Lakin digər həmkarımız, publika.az-ın şöbə müdiri Natiq Muxtarlı “heç vaxt İsgəndər Cavadov haqqında kitab hazırlamazdım" deyir. Səbəbini açıqlamamışdın əvvəl qısaca Nazim müəllim haqqında hazırlanan kitabla bağlı fikirlərini bildirdi: “Nazim Süleymanov haqqında kitabın yazılmasını alqışlayıram. Baxmayaraq ki, bu kitabda məni qane etməyən məqamlar da var. Amma bu da təbiidi. Hər müəllifin öz yanaşma üsulu var və bu yanaşma hamını qane edə bilməz. Hazim Süleymanov müasir Azərbaycan futbolunda bəlkə də yeganə şəxsdir ki, onun haqqında kitab yazılması mütləq idi. Etiraf edim ki, İsgənədr Cavadov haqqında heç vaxt kitab yazmazdım. Futbolçu kimi bizim uşaqlığımızın kumirlərindən olmasına baxmayaraq, onun Azərbaycanın futbol təsərrüfatında oynadığı rola diqqət yetirəndə anladım ki, İsgəndər Cavadov heç vaxt böyük şəxsiyyət ola bilməz. İsgəndər Cavadov vəzifə üçün, təqaüd üçün cilddən-cildə girdi. İcraiyyə Komitəsində təmsil olundu, ancaq bircə dəfə də futbolumuzun problemlərindən danışmadı. Veteran Cavadov futbolçu Cavadovu “parçaladı”, “yedi". Birinci sualla bağlı isə Natiq müəllim mərhum futbolçu Anatoli Banişevskiyə həsr olunmuş kitab yaza biləcəyini söylədi: “Anatoli Banişevski haqqında kitab yazardım. Bu futbolçunun istedadı bir yana, həyatı da olduqca təzadlıdı. Ancaq bu kitabı statistik göstəricilərin əsirinə çevirmək olmaz. Əksinə, o göstəriciləri Banşiveskinin film kimi kareyrası və həyatının arasında səpmək, əritmək, oxucunun bir futbolçunun yox, həm də bir insanın həyat hekayətini əlində tutduğunun fərqində olmasına çalışmaq lazımdı. Onun haqqında kitab yazarkən yardıcı yanaşma tətbiq etməmək mümkün deyil. Cünki bu futbolçunun meydandakı oyunu tam bir yaradıcılıq idi. Onda qeyri-səmimilk yox idi. Hətta şəxsi həyatında da tam səmimi, olduğu kimi idi. Kiməsə görə simasını dəyişmirdi. Nazim Süleymanovda da eyni səmimilik var. Kitabda onun haqqında fikir söyləyənlər tam səmimidilər. Amma Varis bu fikirləri daha yaradıcı planda verə bilərdi. Banişevski haqqında kitabı bir gecəyə də yazıb qurtara bilərəm. Cavadov haqqında bir vərəqi bir ilə də yaza bilmərəm. Yazmaram da".

 

Daha çox siyasi mətbuatdan tanımağımıza baxmayaraq, tez-tez futbolla bağlı duzlu-məzəli köşə yazıları ilə çıxış edən Etibar Cəbrayıloğlu daha əvvəl fikirləri ilə tanış olduğunuz insanlardan fərqli olaraq nə Banişevskinin, nə İsgəndər Cavadovun, nə də digərlərinin adını deyil, başqa veteran futbolçunun adını çəkdi. Söhbət imperiya dövründə “Neftçi"nin əvəzolunmazlarından hesab edilən Səməd Qurbanovdan gedir. Demə, Səməd müəllim Etibar Cəbrayıloğlunun uşaqlıq kumiri imiş. Məhz bu üzdən onun haqqında kitab ərsəyə gətirmək istərdi: “Əvvəlcə həm futbolçu, həm də məşqçi kimi özünü sübut etmiş Nazim müəllim haqqında kitabın hazırlanmasına görə Varisə minnətdarlığımı bildirmək istəyirəm. Kitabla tanış olmamışam. Amma Varisin istedadına bələd olan birisi kimi kitabın maraqlı olduğuna inanıram. O ki, qaldı kimin haqqında kitab hazırlamağıma, imkanım olsaydı, düşünmədən Səməd Qurbanov haqqında kitab yazardım. Onun oyununa baxa-baxa böyümüşəm. Çox istedadlı futbolçu idi. Səməd müəllimlə cəmi bir dəfə söhbət etmişəm. Yeganə görüş onun çox səmimi insan olduğunu bilmək üçün mənə kifayət etdi. Uşaqlıq kumirimin əlini sıxmaq, onunla söhbət eləmək.. həmin hisslər bu gün də yadımdadı". Digər suala cavab olaraq Etibar müəllim elə futbol veteranlarının çox olduğunu bildirsə də, ad çəkmədi. İnad etdiyimizi görüncə isə, zarafatından qalmadı: “Xəzər Lənkəran"ı xoşlamayanlar haqqında kitab yazmazdım".

 

Qol.az saytının rəhbəri Aydın Bağırovun fikrincə, Azərbaycanda barəsində kitab yazılmağa layiq olan futbolçular indi barmaqla sayılacaq qədərdir: “Ümumiyyətlə, barəsində kitab yazılacaq adamın həyatı, istər peşəkar həyatda, istərsə də ondan kənarda keçdiyi yol adi, insanları darıxdırıcaq səviyyədə olmamalıdır. Quru, dayaz, bayağı adam barədə kitab yazmaq çox çətindir. O tip adamlar barədə kitab da oxucu üçün həqiqəqən maraqsızdır". A.Bağırov kitab məsələsində həssas adam olduğunu, ümumiyyətlə, əgər söhbət əsl kitab yazmaqdan gedirsə, özünü buna hələ hazır saymadığını dedi. Çünki peşəkar ədəbiyyat adamı olmadığı fikrindədir. Amma zamanı gələndə, qismət olarsa, 10-15 il sonra futbolumuzla bağlı real faktlara əsaslanan, oxucunu yormayan publisistik kitab hazırlamaq istədiyini söylədi: “Futbol və idman adamları ilə bağlı maraqlı, xoş və acı xatirələrim var, onların itib-batmasını istəməzdim. Hələlik şəxsən özüm kitab yazmaqla bağlı kiməsə müraciət etməmişəm, bu haqda düşünmürəm də. Amma mənə çox xoş oldu ki, bugünlərdə Nazim Süleymanovla bağlı kitabın təqdimatı zamanı hörmətli məşqşimiz Vaqif Sadıqov zarafatla mənə bir söz dedi: “Mənim haqqımda da sən kitab yazarsan".

 

Müstəqil jurnalist Emin Abbasov Zaur Tağızadə haqqında kitab yazmaq istədiyini söylədi. Bu futbolçunu karyerasını əvvəldən axıra kimi izlədiyini, onu Azərbaycan futbolunun ən parlaq nümayəndələrindən hesab elədiyini bildirən E.Abbasov Zaurun çox maraqlı persona olduğunu dedi: “Yeniyetmə vaxtlarında millinin oyunlarına ümidlə gedirdim ki, meydanda Zaur varsa, mütləq nəsə etməyə çalışacaq. Zaur həmişə mətbuata qapalı olub. Ancaq hamı da bilir ki, o, çox xoşxassiyyətli biridir, futbolçu kimi qızıl oğlandırsa, insan kimi də qızıldır. Kitabın adını isə sözsüz ki, “Qızıl oğlan" qoyardım". Həmkarımız köhnə nəsil haqqında kitab yazmaq istəmədiyni söylədi. Amma səbəblərini açıqlamadı. Yeri gəlmişkən, E.Abbasov Nazim Süleymanov haqqında kitabla bağlı irad da bildirdi: “Belə bir kitabın nəşr olunmasına sevindim. Amma “Bitməyən matç" adlandırılmasına çox təəccübləndim. Valeri Lobanovskinin də eyni adlı ktabı var. Gərək bunu araşdırıb, təkrarçılığa yol verməyəydilər".

 

"Het-trik news"un baş redaktoru İlqar Tağıyev şəxsiyyətinə hörmət etdiyi bir neçə futbol veteranı haqqında kitab hazırlamaq və əgər nə vaxtsa belə bir imkan olacaqsa, həmin futbolçunun xatirələrini toplayıb ortaya qoymaq istəydini dedi: “Zlatan İbrahimoviçin “Mən - Zlatan" adlı kitabı var. Qəzetin hər sayında həmin kitabdan bir hissə dərc edirik. Çox maraqlı kitabdı. Orada Zlatanın uşaqlığından karyerasının “Barselona" hissəsinə kimi xatirələri yer alıb. Kitabı oxuyarkən onun bir çox tanınmış futbolçular və futbol mütəxəssisləri, məsələn, Xosep Qvardiola haqqında mənfi fikirləri yer alıb. Məni maraqlandıran budur ki, görəsən, bizim futbol veteranlarından biri haqqında kitab hazırlayası olsam, həmin veteran zəhləsi gedən insanlar haqqında acı da olsa, xatirələrini yazmağa razı sala bilərəm? Nəsə, inanmağım gəlmir. Buna baxmayaraq, indiyə kimi həyatları haqqında yazı yazdığım bir çox veteran futbolçular haqqında sevə-sevə kitab hazırlaya bilərəm. Əsas da özümə çox yaxın bildiyim Şahin Diniyev barədə. Şahin müəllim həm istedadlı futbolçu olub, legioner həyatı yaşayıb, yığmanın məşqçisi postunda işləyib, uşaqlığı çətin keçib və ən əsası səmimidir”. “Hansı veteran futbolçu haqqında ümumiyyətlə, kitab hazırlamaqdan imtina edərdiniz?" sualını isə İ.Tağıyev belə cavablandırdı: “Vaxtilə istedadlı futbolçu olması o demək deyil ki, həmin veteran kitaba layiqdi. Elələri çoxdur. Bir nəfərin adını çəkəcəm ki, heç bir halda onun haqqında kitab yazmazdım - Valeri Hacıyev. Vaxtilə məşqçim olub. Nələrə “qadir olduğununun" şahidiyəm".

“Het-trik news" qəzeti


Digər xəbərlər

Xəbər xətti