"Bakı" klubu "2015 - 2020-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı" üçün təkliflər hazırlayıb.
SportArena.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, təkliflər Azərbaycanda klub futbolunun inkişafı istiqamətində tədbirlər görülməsi məqsədilə işlənilib. Y.Seyidov həmin təklifləri də səsləndirib:
- Stadionlar klubların balansına verilsin;
- Hər bir klubun bazasına işıq, su, qaz və digər kommunal xidmətlər kommersiya qiymətləri ilə deyil, güzəştli şərtlərlə satılsın;
- Sponsorlar klubları maliyyələşdirmək üçün stimullaşdırılsın;
- Yerli icra hakimiyyəti orqanları həmin ərazidə fəaliyyət göstərən klublara cüzi faizlə vəsaitin köçürülməsini ticarət və digər gəlir gətirən obyektlər hesabına təmin etsin;
- İş adamlarına bizneslə məşğuliyyət şəraiti yaradılarkən, həmin ərazidəki futbol klubuna dəstək olmaları təmin edilsin. Əvəzində klublar həmin sponsorları forma, stadion kənarı və bütövlükdə idman qurğusunda reklam etsin;
- Klublar Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətə çevrilsin;
-Əsas heyətlə yanaşı aşağı yaş qrupları üzrə komandalar da müntəzəm olaraq beynəlxalq turnir və təlim-məşq toplanışlarında iştirak etsin;
- Bütün klubların nəzdində futbol akademiyaları yaradılsın və məşq proqramları təhsil məsələləri ilə tənzimlənsin;
- Klublara güzəştli şərtlərlə uzunmüddətli kreditlər verilsin.
"Bakı" rəsmisi bildirib ki, bu məsələ Klublar Komitəsinin iclasında da
qaldırılıb. Y.Seyidov növbəti 5 il üçün hazırlanacaq proqrama böyük ümidlərlə yanaşdıqlarını vurğulayıb.
Qeyd edək ki, ilk Dövlət Proqramının icrasına 2005-ci ildən başlanılıb. Həmin Proqramın icrası bu il başa çatır.