“Neftçi”də inqilabın ikinci dalğası: Elnur Məmmədov sifarişlə siyahı hazırlayır

16:09 29 Aprel 2015

Xalqın komandası ilə məzələnirlər, əylənirlər. Əvvəl klubda hakimiyyəti dəyişdilər, indi isə bütün vacib postlara öz adamlarını yerləşdirmək üçün başqa oyun oynayırlar.
 

“Neftçi”də hakimi-mütləq olan Elnur Məmmədov indi klubun faktiki sahibidi. Sadıq Sadıqovun “torbasını tikdi”, AFFA-nın baş katibi olan müəllimi Elxan Məmmədovun ssenarisi ilə onun axırına çıxdı, indi də Müşahidə Şurasını barmağında fırladır. Bu çoxbilmiş vitse-prezident (müvvəqəti icraçı direktor) klubun struktur dəyişikliklərini reallaşdırmaq, eləcə də müvəqqəti olaraq idarəçiliyi ələ alandan sonra elə taktika seçib ki, artıq Çingiz Abdullayevi yada salan da yoxdu. Bir Məmmədov gizli göstəriş verir, digər Məmmədov inqilabdan sonrakı “quruculuq”la məşğul olur.

“Neftçi”də struktur dəyişikliyindən sonra nəyin necə olacağını bilmirik. Hər halda bu planı iki Məmmədov birgə işləyir. Ancaq indidən əminəm ki, Müşahidə Şurasının üzvləri yalnız sözdə klub rəhbəri olacaq, əsas hakimiyyəti isə Elnur bəy əlində cəmləşdirəcək. Şuranın sədri olan Abdullayev hərdən vacib açıqlama vermək lazım olanda, SOCAR-dan, himayədarlardan pul istəmək lazım gələndə danışdırılacaq, Bəhram Bağırzadə amiqoluq edəcək, digərləri isə sadəcə, say düzəltmək üçün ortada yeyib kənarda gəzəcək. Mübariz Zeynalovla Səməd Qurbanov nə vaxt söz sahibi olublar ki?!

Dmitri Kramarenko ilə Vəli Qasımovun “Neftçi”yə gətirilməsi də oyundu. Dima Elxan Məmmədovun bir layihəsini reallaşdırmaq üçün seçilmiş fiqurdu. Atasının adına olan qapıçılar klubu ilə bağlı layihənin ideya müəllifi AFFA-nın baş katibidi. Amma onu reallaşdırmaq üçün “Neftçi”ni platsadrm seçiblər. Qasımov isə “Neftçi”ni işğal edən qrupun rəhbəri Elşad Nəsirovun adamıdı. “Neftçi”nin Sadıq Sadıqovdan əvvəlki rəhbərliyinin vaxtında da bu işəyaramazı kluba soxuşdurmuşdular, 1-2 ay fırlandı, bacarmayıb, getdi. İndi isə o daha münbit şəraitdə - “dostlar”ın əhatəsində himayədarlarının maxinasiyalarına şam tutan birisi olacaq.

Elxan Məmmədov Robert Prosineçki kartından hər fürsətdə istifadə edir. Əvvəlcə millinin sözəbaxan baş məşqçisinə “Neftçi”dən heç kimi yığmaya çağırmamaq tapşırığı verdilər. Bunun nəticəsi olaraq, Malta ilə oyun bitən kimi Sadıq Sadıqov devrildi, “Neftçi”nin rus dillində danışıb, azərbaycanca gəvələyənlər tərəfindən işğalı reallaşdı. Bəhanə də var idi: Sadıqov yaxşı işləmir, onun rəhbərlik etdiyi klub milli komandaya, ölkə futbolunun inkişafına töhfə vermir.

Prosineçki yenə danışıb. Xorvat çalışdırıcı bu dəfə də deyib ki, “Neftçi”də milliyə layiq oyunçu yoxdu. Və bu açıqlama da inqilabın yekunlaşdırılmasına xidmət edir. Məşqçilər korpusunu, uşaq komandalarının rəhbərliyini, ümumiyyətlə, Sadıq Sadıqovun bütün kadrlarını dəyişmək üçün... Axı, Elxan Məmmədovun “Sumqayıt”da milliləşdirdiyi futbolçuları daha çox pulun olduğu kluba yerləşdirmək lazımdı. Orada Kamran Quliyev, burada Elnur Məmmədov – ikisi müqavilə bağlayacaq, Elxan Məmmədov pul qazanacaq. Bundan başqa, baş katibin artıq Almaniyada behini aldığı əcnəbi məşqçilər və s. var.

Bu açıqlamanın aprelin son günlərinə təsadüf etməsi də məqsədlidi. Axı, mayın 1-də Müşahidə Şurası komandanın yeni strukturunu açıqlamalıdı. Elnur Məmmədov hazırda ştat cədvəlini müəyyənləşdirməklə məşğuldu. Sadıqovun işdən çıxmış və çıxarılacaq kadrlarının yerinə Elxan Məmmədovun kadrlarının təyinatı üçün daha möhkəm zəmin olmalıdı.

Arif Əsədovun, eləcə də “Neftçi”nin digər nümayəndələrinin AFFA-ya – Prosineçkinin qəbuluna göndərilməsi isə biabırçılıqdı. Paytaxt klubunun baş məşqçisi və digər rəsmilər zənglərimizə cavab vermədiyindən görüşdə nədən danışıldığından xəbərsizik, amma fakt odu ki, köklü klub hansısa xorvatın ayağına düşüb. Görəsən, Prosineçkiylə görüşə gedənlər onunla yüksək tonda danışa bildimi?

Məsələn, mən “Neftçi”ni görüşdə təmsil edənlərdən biri olsaydım, bunları deyərdim: “Bəli, “Neftçi”nin yerli oyunçuları indi yaxşı formada deyil. Bunun səbəbi isə aylardı maaş almamaları, klubdakı dəyişikliklərə görə “çemodan əhval-ruhiyyəsi”ndə olmalarıdı. Buna baxmayaraq, komanda hələ də ilk “üçlük”dədi və kubokun finalına vəsiqə qazanıb. Bizdən futbolçu çağırmayın, haqqınız var, amma deyin görüm, milliyə dəvət edəcəkləriniz kimdi? Az qala 2 dövrə çempionatda qələbə qazanmayan autsatder “Sumqayıt”ın üzvləri, Almaniyanın aşağı divizionlarında sürünən milliləşdirilmişlər, Türkiyənin ikinci liqasında heyətə düşməyənlər? Cənab Prosineçki, Aqil Məmmədovun, Araz Abdullayevin, Elvin Yunuszadənin ölüsü də onlardan yaxşıdı. Siz Elxan Məmmədovun, Elnur Məmmədovun gələcək planları üçün belə edirsizsə, özünüz bilərsiz”.

Sonda bir dənə də “Norveçdə görüşərik” deyib, çıxardım. Və oradan “Neftçi”nin bazasına qayıtmazdım, evimə gedərdim. Çünki mən kluba qayıdana kimi artıq baş katibdən göstəriş alan vitse-prezident Elnur Məmmədov, onsuz da yeni ştat cədvəlində adımın üstündən xətt çəkəcək.

Amma Prosineçkinin görüşünə gedənlərdə bu cəsarət hanı? Bu cəsarətin sahibi olsaydılar, “Neftçi”də olmazdılar.
CAVAD, futbolinfo.az


Digər xəbərlər

Xəbər xətti