Huşa Bahaciputaşka. Bu, 10 hərfdən yaranan hansısa qarmaqarışıq söz deyil, futbolçu soyadıdı. Həmin futbolçu Azərbaycanın birinci divizionunda çıxış edir. Özü də azərbaycanlıdı. Düzü, bu futbolçunun soyadını ilk dəfə eşidəndə onun hindistanlı olduğunu sandım. Səhv etmirəmsə, indiyə kimi Azərbaycanda hindistanlı futbolçu oynamayıb və bu üzdən maraqlı olacağını düşünərək Bahaciputaşka ilə müsahibə götürmək üçün oynadığı "Şuşa Qarabağ"ın baş məşqçisi Nadir Qasımova müraciət etdim. Nadir müəllim Huşanın azərbaycanlı olduğunu deyəndə çox təəcccübləndim. Demə, Huşa cənubi azərbaycanlıdı. Nadir müəllim komandada oynayan Şahin Baleljaenin də Cənubi Azərbaycandan olduğunu bildirəndə Məşədi İbadın məşhur kəlamı yadıma düşdü: "Dəli şeytan deyir, bunların ikisindən də birdən müsahibə götür".
Hər iki futbolçu ilə "Şuşa Qarabağ"ın "Zirə" ilə oyunundan sonra görüşdüm. Bəri başdan qeyd edim ki, Huşanın əsl adı Kuşadı. Soyadı da protokollarda göstərildiyi kimi deyil. Futbolçular söhbətə özləri haqqında qısa məlumatla başladılar. Soyad məsələsinə isə müsahibənin gedişində aydınlıq gətirəcəyik.
Kuşa: 1990-cı il martın 6-da Tehranda anadan olmuşam. Ata babam azərbaycanlıdı. Deməli, atam da, mən də azərbaycanlıyam. 9 yaşından futbolla məşğul oluram. İlk peşəkar klubum "Şahrdari Zaqan" olub. Daha sonra sıra ilə "Şirin Faraz"da (Kirmanşah), "Niru Zəmini"də və "Pas"da (Həmədan) oynamışam. Hamısı İran çempionatının 1-ci divizion komandasıdı. İndi Bakıdayam, Azərbaycan futboluna xidmət edirəm.
- Kuşa, nə əcəb yüksək dəstə komandalarında çıxış etməyibsən?
- Bir-iki dəfə imkanım olub. Amma son anda ortaya bəzi problemlər çıxıb. Axrıncı dəfə yüksək dəstə komandalarından biri ilə hətta ilkin müqavilə də imzalamışdım. Amma komandada məşqçi dəyişikliyi baş verdi və keçidim alınmadı.
- Azərbaycana öz istəyinlə gəlibsən, ya dəvət ediblər?
- Bir menecer var, hələ 3-4 il əvvəl mənə Azərbaycanda oynamağı təklif etmişdi. Amma razı olmamışdım. Çünki məqsədim İranın yüksək dəstəsində oynamaq idi. Həm də hərbi xidmətdə olmamışdım. Əsgərlik çəkməmiş bura gələ bilməzdim. "Niru Zəmini"də iki il hərbi xidmət keçdim. Sizin MOİK kimidi. Orda futbolçular həm futbol oynayırlar, həm də əsgərliklərini çəkirlər. Özü də hər futbolçu ora düşə bilmir. Keçən il həmin menecer "Şuşa Qarabağ"da oynamağı təklif etdi. İranın yüksək dəstəsində oynamaq şanslarım getdikcə azalırdı. Yeniliyə ehtiyacım vardı. Ona görə Bakıya gəlməyə razı oldum. Mənimlə birlikdə indi "Zirə"də oynayan Murtuza Heydəri də Bakıya gəldi. Həm də bura gəlməklə özümü göstərib azından sizin yüksək dəstə komandalarına keçmək istəyirəm. Məqsədim isə Avropa komandalarında oynamaqdı. Düzü, bura gələnə kimi bilmirdim ki, Azərbaycan Avropa futbolu oynayır. İranla qonşu olduğuna görə elə bilirdim bizim kimi Asiya qitəsində çıxış edir.
- Hansı mövqedə oynayırsan?
- "Podnapadayuşi" (gülür).
- Yəni hücumçuların arxasında. Kuşa, deyəsən, rus dilini də öyrənibsən.
- Rus dili bir yana, bura gələnə kimi Azərbaycan dilində danışa bilmirdim. Tehranda öz dilimizdə az danışırlar. İndi isə maşallah, özün görürsən azərbaycanca necə danışıram.
- Şahin, sən də dili burda öyrənibsən?
- Yox. Mən uşaqlıqdan Azərbaycan dilində danışa bilirəm. Ərdəbildə anadan olmuşam, orda böyümüşəm. Ərdəbil azərbaycanlıların yaşadığı şəhərdi. Orda fars dilində danışana az rast gələrsən. Hətta elə adamlar var ki, heç fars dilini düz-əməlli bilmirlər.
- Bəlkə özün haqqında bir az məlumat verəsən.
- 1991-ci il fevralın 19-da anadan olmuşam. "İnter" (Kempus), "Zohabani" (Ərdəbil), "Saipa" (Tehran), "Perpolis"in U-20, "Qostəriş Fulad" (Təbriz), "Niru Zəmini", "Səbabətri" (Qum) komandalarında oynamışam. İranın U-19 komandasına dəvət almışam, amma oynamaq qismət olmayıb. Mən də Kuşa kimi keçən il "Şuşa Qaradağ"a gəlmişəm. Əslimiz Biləcəridəndi. Babam İçərişəhərdə, Göy məscidin yaxınlığında anadan olub, uzun müddət orda yaşayıb. Sovet dövründə İrana qohumlarını ziyarət etməyə gedib və geri qayıda bilməyib. Niyəsini dəqiq bilmirəm. Sonradan Ərdəbildə evlənib və orda qalıb. Bakıda bizim çoxlu qohumlarımız var. Azərbaycana gəlməyimdə məqsəd buranın yığma komandasında oynamaqdı. Düzdü, bu sözlərim sizə bir qədər qəribə gələ bilər. Amma həqiqətən belədi. Yığmada legionerlər oynayırsa, təmiz azərbaycanlı balası niyə oynamasın? Ən böyük arzum budu. Qismət olsa, arzuma çatsam, özümü xoşbəxt hiss edərəm. Allah bilən məsləhətdi.
- Belə təəssürat yaranır ki, İranda özünüzü göstərə bilməyibsiz və şansınızı burada axtarırsız…
Şahin: İranda futbolçu çoxdu. Yüksək dəstə komandalarında oynamaq üçün gərək çox istedadlı olasan. Demirəm ki, bizim istedadımız yoxdu. İstənilən komandada oynaya bilərik. Sadəcə, irəli getmək üçün gərək adamın olsun. Yoxsa, çətindi.
Kuşa: Sizə bir fakt deyim. İranda 1-ci divizionda oynayanda ilimə 15 min avro pul qazanırdım. Məndən çox qazananlar da var. Burda isə oradakından qat-qat az pul alıram. Məqsədim pul qazanmaq olsaydı, elə İranda qalıb oynayardım. Bura gəlməklə özümüzü göstərmək, "Şuşa Qarabağ"dan bir tramplin kimi isifadə etmək istəyirik. İranda 5 il çalışdım ki, yüksək dəstədə oynayım. Qismət olmadı. Artıq yorulmuşdum, İrandan çıxmaq istəyirdim. Burda yaxşı təklif gəlsə, qalıb oynayacam. İmkan olsa, vətəndaşlıq alıb Azərbaycanda da qalmaq istəyərdim.
- Bizim Premyer Liqa komandalarının oyunlarını izləyirsiz? Hansında oynamaq istəyərdiz?
Şahin: "Qarabağ"ın, "Neftçi"nin, "İnter"in bir neçə oyununu izləmişəm. "Qarabağ"la "İnter" daha çox cinahlardan hücum qurur. Bu da mənim xoşuma gəlir. "Neftçi" isə daha çox "yerlə" oynayır, texniki futbola üstünlük verir. "Qarabağ" - "Neftçi" oyununda "9 nömrə" (Reynaldo) çox xoşuma gəldi. Premyer Liqa komandalarından hamısında rahatca oynaya bilərəm. Amma ən çox ürəyimə yatanı "İnter"di.
Kuşa: Fərq etməz. Oyun üslubuma görə "Neftçi"də. "Yerlə" daha rahat oynayırlar.
Şahin: Kuşa çox texnikalı futbolçudu. Ona görə "Neftçi"nin adını çəkdi.
Kuşa: Mən də Şahini tərifləyim. Boyuna görə (Şahinin boyu 194 sm-di) çox cəlddi. Elə futbolçu var ki, hündürboydu, amma ləng hərəkət edir. Şahin isə həm sürətlidi, həm də zirəkdi. Üstəlik, hər iki ayağı ilə topla yaxşı rəftar edir.
- "Şuşa Qarabağ"dakı vəziyyətdən razısız?
Kuşa: Pis deyil. Amma pul azdı. Neyləmək olar? Nadir müəllim bacardığı qədər uşaqlara gömək edir. Təzə gələndə problemlərimiz çox idi. Elə hal olub ki, Nadir müəllim öz pulu ilə həmin problemləri yoluna qoydu.
Şahin: Burda aldığımız pul kirayə haqqını, yeməyimizi ancaq görür. Bu yaşımda evdəkilərdən pul istəyəsi deyiləm ki? Bir-iki həftə əvvəl Kuşaya dedim ki, deyəsən, burda bir şey alınmayacaq, İrana qayıtmaq istəyirəm. İmkan vermədi, səbr etməyimi məsləhət gördü. "Zirə" ilə oyundan sonra Nadir müəllimlə də söhbətim oldu. Dediyinə görə, 2-3 komanda oyunumu bəyənib, məni transfer etmək istəyir. Amma hansı komandalar olduğunu söyləmədi. Görək də, Nadir müəllimə çox inanıram. Bacardığı qədər bizə kömək etməyə çalışır.
Kuşa: Yaxınlarda zədələnmişdim. Nadir müəllim öz hesabına müayinədən keçirdi, zədəmi müalicə etdirdi. Bilirəm ki, komandanın pulu azdı. Ona görə dözməliyik.
- Xahiş edirəm, gülməyin, İranla Azərbaycanın 1-ci dəstəsini müqayisə edərdiz.
Kuşa: Müqayisə etmək çətindi. İranın 1-ci divizionu burdan qat-qat səviyyəlidi. Amma sizin Premyer Liqadan zəifdi. Problem bilirsiz nədədi? İranda yüksək divizionla 1-ci divizion arasında səviyyə fərqi çox azdı. Burda isə elə bil Premyer Liqada böyüklər oynayır, 1-ci dəstədə isə uşaqlar.
Şahin: Ən böyük fərq pulla bağlıdı. Stadionlar da İrandakı kimi deyil. Əksəriyyəti çox bərbaddı. Ən xoşumuza gələni Tovuzun stadionu olub. Amma süni örtüklü idi. Bir də Qusarı çox bəyənmişik. Stadionu yox, rayonun özünü. Çox mənzərəli yer idi. Qusarı çox sevdim. Təəssüf ki, o gözəllikdə rayonun meydanı pis gündəydi.
Kuşa: Mingəçevir də gözəl şəhərdi. Amma oranın da stadionu narahatdı.
- Azərbaycana gəlişiniz birinci dəfədi. Xoşunuza gəldi buralar?
Şahin: Bakıya gələndə özümü Ərdəbildəki kimi hiss etdim. Elə bil evdəyəm.
Kuşa: Bakı çox xoşuma gəldi. Burda demək olar ki, mən istədiyim hər şey var. Əsas da dəniz. Novruz bayramında valideynlərim yanıma gəlmişdilər. Bakı onların da xoşuna gəldi.
- Bəs xoşunuza gəlməyən nəsə var?
Kuşa: Bakıda hər yerdə tikinti gedir. Əslində, bu, yaxşıdı. Hər yer gözəlləşir. Xoşuma gəlməyən binaların çölünün gözəl, içərisinin isə bərbad olmasıdı. Görəsən, niyə içərisini də düzəltmirlər? Bir də yollar pis gündədi. Hərdən dostumun maşınını sürürəm. Şəhərin mərkəzində yollar gözəldi. Amma kənarlarda "lotok" çoxdu.
Şahin: Bakıya gəlməmişdən əvvəl internetdə şəhərlə tanış olmuşdum. Çox xoşuma gəlmişdi. Məni burda açmayan insanların gülərüz olmamasıdı. Əksəriyyəti qaraqabadı. Elə bil problemləri çoxdu.
- Demək istəyirsən ki, mehriban deyilik?
Kuşa: Yox, niyə ki? Burdakı münasibəti İranda görməmişik. Təzə-təzə avtobusda qadınlara yer verən kimisə görəndə təəccüblənirdim ki, bu niyə belə edir, yerini başqasına güzəştə gedir. Sonradan bildim ki, bununla qadınlara, yaşlılara hörmət edirlər. İranda isə belə deyil. Avtobusda 20 yaşlı cavan oğlan ayaq üstə dayanan qoca qadına oturmağa yer vermir.
Şahin: Kuşa, sən Tehranı Ərdəbillə səhv salma. Ərdəbildə də qadınlara və qocalara Bakıdakı olduğu kimi hörmət edirər. Yollara gəlincə, Tehranın yolları həqiqətən şüşə kimidi. Ərdəbilin yolları isə Bakının yollarına oxşayır. Hər yerdə "qarmoşka" var.
Kuşa: Tanımadığım adamlardan nəsə kömək istəyəndə heç vaxt imtina etməyiblər. Hətta bir dəfə taksi bizi getməli olduğum yerə aparıb və pul almayıb. Tanımadıqları halda evlərinə çağırıb qonaq edənlər də olub. Əcnəbilərə qarşı çox həssassız.
Şahin: Azərbaycanlılar çox qonaçağırandılar (qonaqpərvər).
- Evlənmək haqqında düşünmürsüz?
Kuşa: Mən nişanlıyam. Nişanlım da azərbaycanlıdı. Bayaq dedim ki, Bakıya gələndə azərbaycanca bilmirdim. Qışda İrana gedəndə nişanlımla azərbaycanca danışanda məəttəl qaldı. Bir növ ona sürpriz etdim. Evlənməyə gəlincə, nə vaxt pul olsa, onda evlənəcəm.
Şahin: Mənimsə evlənmək fikrim var. Özü də bakılı qız almaq istəyirəm. Niyə də yox?
- Şahin, gözaltı elədiyin qız var?
- Yox. Amma böyüklərin məsləhəti ilə ağıllı bir qız taparam. Arzum buranın yığma komandasında oynamaq, burda evlənmək və Azərbaycanda qalmaqdı.
- Boş vaxtlarınızı necə keçirirsiz? Dostunuz çoxdu?
Kuşa: Səhər məşqindən sonra fərdi məşqlər edirəm. Boş vaxtımda İranın bir-iki saytına yazı yazıram. Hərdən Dənizkənarı parka gedirəm. Dostlarım çoxdu, hərdən onlarla görüşürəm.
Şahin: Trenajor zalına gedirəm. Gözəlliyə görə yox ha, fiziki durumumu yaxşılaşdırmağa görə. Kuşadan fərqli olaraq komandadan kənarda dostum demək olar ki, yoxdu. Ən çox komandamızın kapitanı Hüseyn İsgəndərovla yaxınlıq edirəm.
Kuşa: Hə, Hüseyn doğrudan da gözəl insandı. Həmişə bizə dəstək olub.
Şahin: Hərdən şəhəri gəzməyə çıxıram. Çox vaxt bulvara gedirəm. Dənizi çox sevirəm. Yayı gözləyirəm ki, çimərliyə gedim.
Kuşa: Deyəsən, burda qadınlarla kişilər çimərlikdə bir yerdə dincəlirlər. İranda isə belə deyil. Arada böyük pərdə asırlar. Elə bil bir tərəf İran, bir tərəf Amerikadı.
- Azərbaycanda yaşamaq üçün nə qədər pul lazımdı?
- Şahin: İki nəfərə 600 manat ev kirayəsi veririk. Dolanışıq üçün də pul lazımdı. Burdakı qazancım elə də çox deyil. Düzü, çətinlik çəkirəm. İranda ilimə 15 min avro pul alırdım. O pulu burda qazansam, varlı olardım.
- Kuşa, dilə yatmayan soyadın var. Düzü, ilk dəfə eşidəndə elə bildim ki, hindistanlısan.
- İranda dini təriqət var - bəhailər. O təriqətdən deyilik. Amma soyadım bəhai təriqəti ilə bağlıdı. Burda soyadım Bahaciputaşka kimi göstərilir. Tamamilə səhvdi. Əsl soyadım Bəhaipur Aşkadı. Dəfələrlə komanda rəhbərliyinə müraciət etmişəm ki, soyadımı düzgün yazsınlar. Bir dəfə də PFL-ə məktub göndərmişəm. Xeyri yoxdu. Elə hər yerdə Bahaciputaşka deyirlər. Problem ondadı ki, İran saytları mənimlə bağlı xəbərləri olmayan futbolçuların adına yazırlar. Neçə dəfə məndən soruşublar ki, ay Kuşa, Huşa Bahaciputaşka sənsən? Soyadım bir yana, adımı da Huşa kimi göstərirlər. Qısası, mən Huşa Bahaciputaşka yox, Kuşa Bəhaipur Aşkayam. Artıq öyrəşmişəm (gülür).
Şahin: Əslində, mənim də soyadımda təhrif edirlər. Baylicai əvəzinə hər yerdə Baleljae yazırlar.
- Son sualım: müharibə başlasa, bir azərbaycanlı kimi müharibəyə gedərsiz?
Kuşa: Cəngə? Yüz faiz yox. Yalandan niyə deyim ki, hə, gedib vuruşaram. Mən bura futbol oynamağa gəlmişəm. Azərbaycanlı olsam da, İran vətəndaşıyam. Yalan danışmaq mənə yaraşmaz.
Şahin: Bir dəfə otaq yoldaşım məndən soruşdu ki, İranla Azərbaycan yığmaları oynasa, hansına azarkeşlik edərsən. Zarafatla dedim ki, İrana. Amma əslində Azərbaycanın qalib gəlməsini istəyərəm. İndi isə siz oxşar sual verirsiz. Bilmirəm, bəlkə də çoxu səmimiyyətimə inanmayacaqlar. Amma müharibə olsa, ermənilərə qarşı vuruşaram. Çünki bura mənim vətənimdi. Damarımda azərbaycanlı qanı axır. Həm də mən Azərbaycan yığmasında oynamaq, Azərbaycan vətəndaşı olmaq istəyirəmsə, deməli vuruşmalıyam.
İlqar Tağıyev, "Het-trik news" qəzeti